Əsrə bərabər gün
Anaxanım Vəliyeva
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu 146 nömrəli tam orta məktəbin müəllimi
Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Azərbaycan əsgərləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər. Torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına azad edildi.
Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin azad edilməsi oldu. Vətən müharibəsi gedişində unikal əməliyyatlardan biri - Şuşanın azad edilməsi tarixdə əbədi qalacaq. Şuşa zəfəri əslində müharibənin taleyinə həlledici təsir göstərərək Zəfər günü kimi tariximizə yazıldı. Şuşanın azad edilməsi Erməni ordusunun belini qırdı. Şuşanı paytaxt etmək niyyəti, Livandan gətirilmiş ermənilərin keçmiş Dağlıq Qarabağda yerləşdirilməsi, bununla demoqrafik üstünlüyü təmin etmək arzusu boşa çıxdı. Kimə, nəyə ümidli idi bəlli oldu. Haqqın, ədalətin “kəsərli qılıncı” işğal niyyətini puça çıxardı.
Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Üçtərəfli bəyanətin imzalanması düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər siyasi yolla qaytarılsın. Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Bütövlükdə götürəndə 44 gün ərzində müharibə ilə bağlı beynəlxalq yanaşma müsbət idi. Bəzi ermənipərəst ölkələr bizə qarşı siyasi addımlar atmağa çalışsa da heç bir nəticə vermədi.
Bu gün azad olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük, nə qədər vətənpərvər xalqdır. 30 ilin əziyyəti, əzabları xalqımızı sındırmadı. II Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda böyük şücaət göstərdilər.
Beləliklə, Azərbaycan xalqı son iki əsrlik tarixdə ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun liderinin, ordusunun gücünü nümayiş etdirdi. Azərbaycan ədalətli sülh istəyir. İrəli sürdüyümüz şərtlər ədalətlidir. Ermənistan höküməti razılaşsa bu imzalanacaq. Ermənistan Azərbaycan hökümətinin şərtlərini qəbul etməsə imzalanmayacaq. Ermənistan bundan əlavə müharibə dövründə vəhşiliklə yadda qaldı.
Bəli, 44 gün fəlsəfəsi əbədiyyətəcən yaşayacaq. Nənələr nəvələrinə nağıl əvəzi Vətən müharibəsindən, Vətən müharibəsinin qəhrəmanlarından danışacaq.
Vətən müharibəsi həm də nağıl hikməti ilə yaşadılacaq, Azərbaycan əsgərinin qüdrəti kimi!