Suraxanıda “Qərbi Azərbaycan – Tarixin izi ilə” adlı tədbir keçirilib

Suraxanıda “Qərbi Azərbaycan – Tarixin izi ilə” adlı tədbir keçirilib
10 iyun 2026-cı il tarixdə Suraxanı rayonu 279 nömrəli tam orta ümumtəhsil məktəbində Qərbi Azərbaycan İcmasının, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının, Suraxanı rayonu Qərbi Azərbaycan İcmasının və 279 nömrəli tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan – Tarixin izi ilə” adlı tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Milli Məclisin deputatları Qaya Məmmədov, Sevinc Fətəliyeva, Vüqar İsgəndərov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun müdiri Zinyət Əmirova, kulturoloq, professor Fuad Məmmədov, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin, eləcə də Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Qərbi Azərbaycanın tarixi, mədəni irsi və doğma yurd yerlərimizi əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan 279 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Südabə Abdullayeva Qərbi Azərbaycan həqiqətlərinin gənc nəslə çatdırılmasının, tarixi yaddaşın qorunmasının və milli-mənəvi dəyərlərin təbliğinin vacibliyindən danışıb. Südabə Abdullayeva onu da qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizdə tarixi-mədəni irsin qorunması, şəhərsalma ənənələrinin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Qərbi Azərbaycan xalqımızın zəngin tarixi-mədəni irsinin, qədim yaşayış məskənlərinin, memarlıq nümunələrinin və milli-mənəvi dəyərlərinin formalaşdığı tarixi coğrafiyalardan biridir. Bu irsin öyrənilməsi və gələcək nəsillərə çatdırılması mühüm vəzifələrdən hesab olunur.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov öz çıxışında tədbir iştirakçılarını Milli Qurtuluşumuzun 33-cü ildönümü münasibətilə ürəkdən təbrik edərək vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi və böyük sevgisi ilə hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaqdan xilas etmiş, tarixin qanlı səhifələrində başımıza gətirilən müsibətlərin bir daha təkrarlanmamasına sarsılmaz sipər olmuşdur. Qərbi Azərbaycana qayıdışın hər bir azərbaycanlının qəlbində yaşayan müqəddəs bir amal və milli prioritet olduğunu qeyd edən yerli təşkilatın sədri səslənmişdir ki, hər bir vətəndaşımız Qərbi Azərbaycanın qədim tarixinin, zəngin mədəni irsinin qorunması və bu həqiqətlərin gələcək nəsillərə qürurla çatdırılması uğrunda sarsılmaz, sivil bir mübarizə aparmağı özünə mənəvi borc bilməlidir.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanın irsinin təbliğinə toxundu, dövlətin və xalqın dəstəyindən bəhs edərək dedi ki, biz dövlətimizin güclü siyasi iradəsi və xalqımızın sarsılmaz dəstəyi ilə qayıdış ideyasını formal bir çağırışdan çıxararaq ümummilli hədəfə və beynəlxalq hüquq normaları çərçivəsində müdafiə olunan tam bütöv bir konsepsiyaya çevirməyə nail olmuşuq.
Daha sonra Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, kulturoloq, professor Fuad Məmmədov, Milli Məclisin deputatları Qaya Məmmədov, Sevinc Fətəliyeva və Vüqar İskəndərov çıxış edərək Qərbi Azərbaycanın tariximizdəki yerindən, milli kimliyimizin formalaşmasındakı rolundan, bu torpaqlara bağlılığımızdan və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən bəhs etmişlər.
Tədbir məktəbin müəllim-şagird kollektivinin hazırladığı nümunəvi çıxışlarla davam etmişdir.
Sonda xatirə şəkili çəkdirilmişdir.