Suraxanı rayonunda “Əziz Şuşa, sən azadsan” adlı tədbir keçirilmişdir
26.05.2022-ci il tarixində Suraxanı rayonu 280 nömrəli tam orta məktəbdə “Şuşa ili” ilə bağlı tədbirlər planı çərçivəsində “Əziz Şuşa, sən azadsan” adlı tədbir keçirilmişdir. Tədbirin məqsədi uşaq və gəncləri Qarabağın Azərbaycan mədəniyyəti, tarixindəki yeri, işğal illəri və işğaldan sonrakı dövrü ilə tanış etməkdir. Eyni zamanda, uşaqları milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsinə, onların bədii-estetik səviyyəsinin yüksəldilməsinə, incəsənət və mədəniyyətin ayrı-ayrı növləri üzrə istedadlarının üzə çıxarılmasına və yaradıcılıq qabiliyyətlərinin inkişafına töhfə verməkdir.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, şəhid ailələri və digər qonaqlar iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılmışdır. Daha sonra məktəbin müəllim və şagird heyətinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Şagirdlərin ifasında səhnəciklər tamaşaçıların diqqətinə çatdırılmışdır.
Suraxanı rayonu 280 nömrəli tam orta məktəbin direktoru Nizami Niftiyev mədəni həyat hər bir şəhərin pasportudur. İnsanlar yaşamaq üçün hər yerdə səbəb tapırlar. Lakin mənalı ömür sürmək hər bir şəhər sakininin arzusudur. Şuşa əsası qoyulduğu gündən, 270 ildir ki, Azərbaycan, türk və müsəlman mədəniyyətinin mərkəzlərindən biri olmuşdur. İşğal altındakı 30 illik müddəti nəzərə almasaq, Qafqazın konservatoriyası olan Şuşa sözün bütün mənalarında və mədəniyyətin bütün sahələri üzrə əsas mərkəz rolunu oynamışdır.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və çıxış edən digər qonaqlar Şuşanın Azərbaycan xalqı üçün mənəvi dəyərindən bəhs edərək, mədəniyyət paytaxtımızın azad olunmasının qəhrəmanlıq tarixi olduğunu vurğulayaraq, yeniyetmələr arasında bu tarixin təbliğinin vacib olduğunu bildirmişlər.