Suraxanı rayonunda “Zəfər tarixi” adlı konfrans təşkil olunmuşdur
19.05.2022-ci il tarixdə Suraxanı rayonu 114 nömrəli tam orta məktəbdə “Zəfər tarixi” adlı konfrans təşkil olunmuşdur. Konfransda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müavini Könül Axundova, Vətən Müharibəsi Şəhidi mayor Rüfət Əsgərovun ailə üzvləri və digər şəhid ailələri, Vətən Müharibəsi qaziləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Öncə məktəbin foyesində şagirdlər tərəfindən təşkil olunmuş Zəfər tarixinə həsr olunmuş sərgiyə baxış keçirilmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət ordeni” və Vətən uğrunda” “Hərbi Xidmətə”, Suqovuşanın azad edilməsinə görə” medalları təltif olunmuş Vətən Müharibəsi Şəhidi mayor Rüfət Əsgərovun adı verilmiş sinif otağında açıq dərs təşkil olunmuşdur. Şəhidin atası Mürvət Əsgərov və oğlu Xansuvar Əsgərov çıxış edərək məktəb kollektivi tərəfindən irəli sürülmüş təşəbbüsü yüksək qiymətləndirmişlər.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, Vətən Müharibəsinin başlanması və 44 gün kimi qısa zamanda bitməsi möcüzə idi. Amma biz möcüzəni həqiqətə çevirən o məğrur və müdrik xalqıq. Müharibənin sonu kapitulyasiya aktıdır. Yerli təşkilatın sədri xüsusi vurğuladı ki, müharibə dövründə təxribatçı ölkələri, ermənilərdən daha çox ermənilik edənləri nəzərə almasaq dünyanın əksər dövlətləri bizim haqq işimizə dəstək verdilər. Çünki bizim çox ciddi tarixi, siyasi, milli səbəblərimizlə yanaşı, hüquqi əsaslarımız da var idi. Vüqar Seyidov əldə etdiyimiz zəfərin yeniyetmələr və gənclər arasında təbliğini yüksək qiymətləndirərək Suraxanı rayonunda fəaliyyət göstərən məktəb kollektivlərinə öz dərin minnətdarlığını ifadə etmişdir.
Daha sonra məktəbin akt zalında məktəblilərin iştirakı ilə təşkil olunmuş açıq dərs ilə davam etmişdir.