Suraxanı rayonunda “YAP - cəmiyyətimizin sosial müdafiəçisidir!” adlı tədbir keçirilmişdir
20 noyabr 2021-ci il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində YAP Suraxanı rayon təşkilatının Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu il dönümünə həsr etdiyi “YAP-cəmiyyətimizin sosial müdafiəçisidir!” adlı tədbir keçirilmişdir. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsinə rayon ictimiayyətinin nümayəndələri tərəfindən tər güllər qoyulmuş, mərkəzin foyesində Vətən Müharibəsində qazanılmış qələbəyə həsr olunmuş sərgiyə baxış keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səslənməsi ilə açıq elan olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılmışdır. Daha sonra Yeni Azərbaycan Partiyasının 29 illik fəaliyyətindən fraqmentləri özündə əks etdirən video-çarx nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov partiya üzvlərini YAP-ın 29-cu ildönümü münasibəti ilə təbrik edərək partiyanın fəaliyyətinə geniş nəzər salaraq bildirdi ki, Yeni Azərbaycan Partiyası gücünün mənbəyini dahilər dahisi, tarix boyu yaşamış ən qüdrətli dövlət və ictimai xadimlərdən biri olan Ulu Öndər Heydər Əliyevdən, Azərbaycan xalqının tarix boyu yetişdirdiyi ən Müzəffər sərkərdə cənab Prezident İlham Əliyevdən və öz tarixi, dili, dünyaya qazandırdığı saysız-hesabsız dəyərləri, verdiyi töhfələri ilə öz aliliyini qoruyub saxlayan Müdrik Azərbaycan xalqından alır. Öz çıxışında YAP-da aparılan islahatlara toxunan Vüqar Seyidov qeyd etmişdir ki, yenidən formalaşan, inkişaf edən, təzələnən və hərtərəfli islahatlar kursu keçən doğma partiyamızın uzun və şərəfli həyat yolu keçmiş, ictimai-siyasi xidmətləri olmuş xadimlərin təcrübələrinə ehtiyacı vardır. Gəncləri YAP-ın lokomotivi, bayraqdarı adlandıran yerli təşkilatın sədri demişdir ki, YAP-ın ətrafında birləşən gənclər ordusunun yüksək təhsilə yiyələnməsi, müasir dövrün elmi inqilablarını mənimsəməsi, süni intelekt, kompyüter texnologiyaları, müasir təbabət və digər sahələrdə ixtisaslı kadr kimi formalaşması xalqımız üçün qürur mənbəyidir. YAP rəsmisi xüsusi vurğulamışdır ki, YAP Ulu Öndər Heydər Əliyevin zəkasının nurundan yaranmış, Azərbaycan xalqının sosial müdafiəsini təmin edən, çox hörmətli Mehriban xanım Əliyevanın alicənab, humanist yanaşmalarının ictimai dayanağı və cənab Prezident İlham Əliyevin siyasi istinad nöqtəsidir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayon ictimaiyyəti adından Yeni Azərbaycan Partiyasının 29-cu ildönümünü təbrik edərək, Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin ətrafında Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünün tarixi hadisə olduğunu bildirdi. 30 ilə yaxın həsrətində olduğumuz doğma torpaqlarımızın 44 gün ərzində Ali Baş Komandan cənab İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzun, əbədiyaşar Şəhidlərimizin qəhrəmanlığı sayəsində işğaldan azad olunmasının siyasi dayanağının Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevə, cənab Prezident İlham Əliyevə və YAP-a olan etimadın irəli gəldiyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı xalqımızın mənəvi həmrəliyində Yeni Azərbaycan Partiyasının rolunu yüksək qiymətləndirmişdir.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu çıxış edərək dedi ki, 1992-ci ildə soyuq noyabr günü siyasi təzyiqlərin fövqündə fiziki məhdudiyyətlərə məruz qalmış Ulu Öndər Heydər Əliyev gələcək nəsilləri düşünərək Yeni Azərbaycan Partiyasını yaratmışdır. Əslində ömrünün ahıl vaxtında Moskvada bütün imkanlarla əhatə olunmuş rahat və firavan həyatını xalqı naminə əziyyət, məhdudiyyətlər və keşməkeşlərə dəyişəndə də Ulu Öndər xalqının gələcəyini düşünürdü. Milli Məclisin deputatı xüsusi vurğulamışdır ki, YAP-ın gələcəyi gənclərdir. Hikmət Babaoğlu dedi ki, o arzu edir ki, indiki gənclər də, öz sələfləri kimi ölkəmizin gələcəyi naminə böyük işlərə, layihələrə imza atasınlar.
Milli Məclisin komitə sədri, YAP-ın Təftiş komissiyasının üzvü Sadiq Qurbanov YAP-ı tarixin və taleyin gərəyi adlandıraraq bildirdi ki, Naxçıvanda məhdud şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli şanlı bayrağını Heydər Əliyev dalğalandıranda, Naxçıvanın adından Muxtar Sovet Sosialist Respublikası sözünü siləndə Bakıda mərkəzi hakimiyyət saxta referendum keçirirdi. Hansı ki, bu, heç kimə gərək deyildi. YAP bu hadisələrin fövqündə yaradılmasının zərurət olduğu vurğulanmışdır.
YAP Suraxanı rayon təşkilatının 18 yaşlı fəal gənci Aysel Ələkbərzadə çıxışında YAP-la ilk tanışlığından bəhs edərək demişdir ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi bu ali siyasi qurumun üzvü olmaqdan fəxarət hissi duyur.
Azərbaycan Respublikasının Əməkdar Artisti Ağalar Bayramov YAP-a olan dərin hörmətindən bəhs edərək Ulu Öndər Heydər Əliyevlə ən çətin günlərdə Naxçıvanda görüşündən söhbət açmışdır. Əməkdar Artist bildirmişdir ki, Yeni Azərbaycan Partiyası həm zəfərlərin partiyasıdır, həm də zəfərlərin çarçısıdır! Getdiyi bu müqəddəs yolda amalı xalqa xidmət, arzusu dövlətimizin daimi inkişafıdır.
Daha sonra Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının fəaliyyətində seçilən bir qrup partiya fəalı Fərxri Fərman, Təşəkkürnamə ilə təltif olunmuş və bir qrup yeni üzv olmuş gəncə partiya vəsiqələri təqdim edilmişdir. Suraxanı rayon məktəblilərinin və respublikanın tanınmış mədəniyyət xadimlərinin ifasında rəqs, şerlər, mahnılar tamaşaçılara təqdim olunmuşdur.
Sonda YAP Suraxanı rayon təşkilatının fəal gəncləri tərəfindən təqdim olunmuş flaşmob tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.