Suraxanı rayonunda “Xalqın ruhunu sızladan 36-cı qış...” adlı anım tədbiri keçirilmişdir

Suraxanı rayonunda “Xalqın ruhunu sızladan 36-cı qış...” adlı anım tədbiri keçirilmişdir

19 yanvar 2026-cı il tarixdə Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində YAP Suraxanı rayon təşkilatının təqdimatında 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “Xalqın ruhunu sızladan 36-cı qış...” adlı anım tədbiri keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP Suraxanı rayon təşkilatının ərazi partiya təşkilatının sədrləri, rayon ictimaiyyətinin nümayəndələri  və şəhid ailə üzvləri iştirak etmişlər.

Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi zamanı həlak olmuş vətəndaşların və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, 20 Yanvar faciəsinin 36-cı ildönümü Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış tarixi hadisələrdən biri kimi xatırlanır. 1990-cı il yanvarın 20-də Sovet Ordusunun Bakıya yeridilməsi ilə həyata keçirilən Qanlı Yanvar qırğını təkcə bir gecənin faciəsi deyil, bütöv bir xalqın azadlıq iradəsinə qarşı yönəlmiş qəddar bir cinayət idi. Vüqar Seyidov onu da vurğuladı ki, 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymətin verilməsi də məhz Ümummilli Liderin adı ilə bağlıdır. 1990-cı il 21 noyabr tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisi faciəyə ilk dəfə siyasi-hüquqi qiymət vermişdir. Daha sonra 1994-cü il 29 mart tarixində Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələrinə dövlət səviyyəsində rəsmi hüquqi-siyasi qiymət verilmişdir.

Şəhid Ailələrinin Müdafiəsi Cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri, şəhid ailə üzvü, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Nəsibə Əliyeva çıxış edərək bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət, onların sosial müdafiəsinin gücləndirilməsi dövlətin bu gün də həmin faciəyə yüksək ehtiramla yanaşdığını göstərir. 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsi isə onların qəhrəmanlığının nəsillər boyu yaşadılacağını təsdiq edir.

Daha sonra anım tədbiri Gülarə Əliyeva adına Uşaq İncəsənət Məktəbinin kollektivinin, YAP Suraxanı rayon təşkilatının fəal gənclərinin ifasında nümunəvi çıxışlarla davam etmişdir.