Xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canından, qanından keçən igid Vətən oğullarımızdan biri Şəhidimiz Cabarzadə Cavid Qorxmaz oğlunun yaşasaydı, 25 yaşı tamam olacaqdı.
Avqustun 10-da, Şəhidimizin doğum günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, RİH-nın müavinləri, RİHBA-nın şöbə müdirləri, Şəhid ailələri və digər rəsmi şəxslər 1997-ci ilin bu günündə dünyaya göz açan Şəhidimiz Cabarzadə Cavid Qorxmaz oğlunun dəfn olunduğu II Fəxri Xiyabanda məzarını ziyarət edərək önünə gül dəstələri düzmüş, eləcə də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Cavid Cabbarzadənin xatirəsinə həsr olunmuş tədbirdə iştirak etmişlər.
II Fəxri Xiyabanda dövlət himnimizin səsləndirilməsi və bütün şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan anım tədbirində RİH başçısı Əziz Əzizov bildirmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 illik Vətən həsrətimizə son qoyan, Qarabağımızda bayrağımızı qaldıran rəşadətli ordumuzun qəhrəman əsgər və zabitləri ilə qurur duyur, Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Əminliklə deyə bilərik ki, Vətən uğrunda 44 günlük savaşımız, Azərbaycan tarixinin Qəhrəmanlıq, Zəfər salnaməsi, şanlı qürur mənbəyimiz olaraq qalacaqdır. Bu Qələbə 200 illik erməni təxribatlarına verilən ən layiqli cavabdır. Şəhid ailələrini hər zaman diqqətdə saxlayan RİH başçısı qeyd etmişdir ki, bu gün Şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, bütün şəhidlərimiz kimi Cavid Cabarzadənin də əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Yerli təşkilatın sədr müavini onu da qeyd etmişdir ki, Cavid vətənə, orduya lazımlı əsgər kimi həm Aprel döyüşlərində, həm də Vətən Müharibəsində xüsusi qəhrəmanlıqlar göstərmişdir.
Daha sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində davam edən tədbirdə Şəhidin valideynləri, döyüş yoldaşları da çıxış edərək onunla bağlı xatirələrini bölüşmüş dünya hərb tarixində dərin iz qoyan Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igid oğullarımıza rəhmət diləmişlər.
Qeyd edək ki, 2016-cı ilin Aprel Döyüşlərində Lələtəpənin alınması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmiş Cavid Cabarzadə torpaqlarımızın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə könüllü yollanaraq Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və Xocavənd döyüşləri zamanı Şəhid olmuşdur.