Suraxanı rayonunda “Qisası Qiyamətə Qalmayan Xocalı” adlı anım tədbiri keçirilmişdir

Suraxanı rayonunda “Qisası Qiyamətə Qalmayan Xocalı” adlı anım tədbiri keçirilmişdir

25 fevral 2026-cı il tarixində Suraxanı rayonu 84 nömrəli tam orta məktəbdə YAP Suraxanı rayon təşkilatının, Əmircan Bələdiyyəsinin və 84 nömrəli tam orta məktəbin birgə təqdimatında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Qisası Qiyamətə Qalmayan Xocalı” adlı anım tədbiri keçirilmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar sektorunun müdiri Sevinc Ağayeva, Əmircan Bələdiyyəsinin sədri Emil Yusifov, 84 nömrəli tam orta məktəbin direktoru Röya İslamova, digər rəsmi şəxslər, şəhid ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, Xocalı sakinləri və məktəbin müəllim-şagird kollektivi iştirak etmişlər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Məktəbin şagirdlərinin ifasında o günlərə həsr olunmuş, Xocalı həqiqətlərini özündə ehtiva edən “Ananın xəyalı və ya gerçəkləşən arzular” adlı səhnəcik və “Xocalım” adlı şeir kompozisiyası təqdim olunmuşdur. Soyuq fevral gecəsi Xocalıda xalqımızın başına gətirilmiş misli görünməmiş müsibətlər şagirdlərin təqdimatında nümayiş etdirilmişdir.

Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan 84 nömrəli tam orta məktəbin direktoru Röya İslamova qonaqları salamlayaraq dedi ki, tədris ocaqlarında Azərbaycanın qan yaddaşının öyrədilməsi, dərsdənkənar tədbirlər vasitəsi ilə yeniyetmələrin yaddaşına, şüur altına yazılması böyük əhəmiyyət kəsb edir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov geniş nitq ilə çıxış edərək Xocalı soyqırımını - səbəblərini, nəticələrini, xalqımızın başına gətirilən tarixi faciələri ətraflı təhlil etmişdir. Yerli təşkilatın sədri onu da qeyd etmişdir ki, hər il xalqımız Xocalı soyqırımını böyük kədər, qəm-qüssə ilə anır, şəhidlərimizin ruhuna dualar oxuyur. Son illər isə soyqırımın ildönümləri qalib xalq kimi yad edilir. Çünki 34 il əvvəl ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovuşub. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoydu, düşməni işğal etdiyi ərazilərimizdən qovdu. 200 ildən artıq müddətdə xalqımıza qarşı düşmənçilik siyasəti yeridən qəddar düşmən ordusu darmadağın edildi. Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qisası qiyamətə qalmadı.

Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar sektorunun müdiri Sevinc Ağayeva öz növbəsində vurğulamışdır ki, 2020-ci ildə Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20- də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.

Əmircan Bələdiyyəsinin sədri Emil Yusifov çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramına toxunaraq bildirmişdir ki, Xocalının yeni mənzərəsi, orada yaradılmış şərait uzun illər məcburi köçkün həyatı yaşayan, əzablar çəkmiş Xocalı sakinlərinə layiq olduqları həyat yaşamalarına imkan verəcək.

Xocalı sakini, Vətən müharibəsində şəhid olmuş Ceyhun Mustafazadənin atası Şükür Adilov çıxış edərək o günləri bir daha xatırlatmış, məktəblilərin səhnəciyini seyr edərkən o günləri yenidən yadına saldığını bildirmişdir. O, qeyd etmişdir ki, Ali Baş Komandanın iradəsi nəticəsində oğlu Ceyhun kimi yüzlərlə qəhrəmanın canı, qanı hesabına qundaqda, qucaqda Xocalını tərk edən körpələr tank üstündə Xocalıya daxil olmuşlar.

Natiqlərin mövzu ilə bağlı çıxışlarından sonra YAP Suraxanı rayon təşkilatının, Suraxanı rayonu Əmircan Bələdiyyəsinin və 84 nömrəli tam orta məktəbin birgə təqdimatında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Qisası Qiyamətə Qalmayan Xocalı” adlı anım tədbiri başa çatmışdır.