Suraxanı Rayonunda “Dövlət və xalq üçün yaşanan ömür” adlı tədbir keçirilmişdir

Suraxanı Rayonunda “Dövlət və xalq üçün yaşanan ömür” adlı tədbir keçirilmişdir
06 dekabr tarixində Suraxanı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Dövlət və xalq üçün yaşanan ömür” adlı tədbir keçirildi. Tədbirdə Suraxanı Rayonu İcra Hakimiyyətinin məsul əməkdaşı Mətanət Zeynalova, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, Gülarə Əliyeva adına 3 saylı Uşaq İncəsənət Məktəbinin direktoru Elvira Əhmədova, Suraxanı rayon Gənclər evinin direktoru Natavan Rüstəmova, Gənclər və İdman Sektorunun, rayonda fəaliyyət göstərən mədəniyyət müəsissələrinin rəhbər və əməkdaşları, 101,104,114, 327 və Ağdam 35 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivləri iştirak etdilər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu, xatirəsi ehtiramla yad edildi. Mərkəzin foyesində rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olundu və Ulu Öndər Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiyaya baxış keçirildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova açaraq müasir Azərbaycanın inkişafı naminə böyük və əvəzedilməz işlər görən Ulu Öndərin anım günündən, geniş və əhatəli siyasi fəaliyyətindən danışdı. Dövlətimizin müstəqilliyi, bu günü və gələcəyi üçün zəngin irs qoyduğunu və bu irsin təbliğinin ən ümdə vəzifələrimizdən və əsas prioritetlərimizdən biri olduğunu vurğuladı.
Tədbirdə İcra Hakimiyyətinin məsul əməkdaşı Mətanət Zeynalova, YAP Suraxanı rayon Təşkilatının nümayəndəsi Kürsüm Həsənova, Suraxanı rayon Heydər Əliyev Mərkəzində fondun baş mühafizi Zəkiyə Hacıyeva, Nail Salamov adına 97 saylı orta məktəbin təşkilatçısı Dilarə Seyidova çıxış edərək bildirdilər ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. Uzaqgörən siyasəti, dahiyanə idarəetmə qabiliyyəti ilə Azərbaycanı zamanın ağır və sərt sınaqlarından çıxarmış, tərəqqiyə qovuşdurmuş görkəmli siyasi xadim Azərbaycanı regionda lider dövlətə çevirmiş və bu gün davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın qurucusu olmuşdur.
Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdirdilər.