Suraxanı rayonunda “Dövlətə və Xalqa Xidmətin Ali Meyarı - Ulu Öndər Heydər Əliyevin Hakimiyyət İlləri” adlı tədbir keçirilib
11 iyul 2024-cü il tarixdə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində YAP Suraxanı rayon təşkilatının təqdim etdiyi Ümummilli lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 55-ci ildönümü münasibəti ilə təşkil olunmuş “Dövlətə və Xalqa Xidmətin Ali Meyarı - Ulu Öndər Heydər Əliyevin Hakimiyyət İlləri” adlı tədbir keçirilib.
Tədbirdə Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Şəhid ailə üzvləri, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonunda ucaldılmış abidəsi tədbir iştirakçıları tərəfindən ziyarət edilmiş, abidənin önünə tər güllər düzülmüşdür.
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunmuşdur.
Daha sonra tədbirdə Azərbaycan Dövlət Televiziyası tərəfindən hazırlanmış “Heydər Əliyevi unudulmaz edən səbəblər – Sovet və Müstəqillik dönəmi” adlı sənədli film Suraxanı rayon ictimaiyyətinə təqdim olunub.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tədbir iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, Heydər Əliyevin fəaliyyətini bir neçə dövrə ayırıb, fərqli rakurslardan, pəncərələrdən baxmaq və hər dövrdə gördüyü işlərə işıq tutmaq vacibdir. Yerli təşkilatın sədri dedi ki, Heydər Əliyevin fəaliyyətini tarixi xronologiya ilə dəyərləndirsək, o, ilk dövr - 1969-1982-ci illər ərzində Azərbaycan SSR-in rəhbəri kimi ölkəmizi ən geridə qalmış respublikalar sırasından özünü təmin edə bilən, mərkəzdən datasiya almadan yaşayan respublikaya çevirdi. Vüqar Seyidov onu da vurğuladı ki, Heydər Əliyevin fəaliyyətində növbəti mərhələ 1993-2003- cü illərdir ki, bu dövr xilaskarlıq və inkişafın ilk addımları mərhələsi də hesab oluna bilər.
Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək dedi ki, hər bir xalqın tarixi yetkinləşmə və təkamül prosesinin əsas qayəsini dövlətçilik ənənələri ilə yanaşı, həm də milli-mənəvi irsi, məfkurəsi və düşüncə sistemi təşkil edir. Zəngin milli-mənəvi dəyərlərə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına qiymətli töfhələr vermiş, mədəniyyət aləmində özünəməxsus mövqe nümayiş etdirmişdir. Bu gün də Azərbaycan dövləti və xalqı bir çox sferalarda ümumdünya miqyasında qəbul olunacaq dəyərlər formalaşdıra bilir. Müasir dövlətçiliyimizin təməlini möhkəm özüllərlə qoymağı bacaran Ümummilli Lider Heydər Əliyev böyük tarixi mərhələlərdən, sınaqlardan üzüağ çıxmağımıza səbəb olmuşdur. Onun xilaskarlıq missiyası da milli dəyərlərin mühafizəsinə yönəlmiş tarixi addım idi.
Şəhid atası Əlixan Əliyev və Respublikanın Əməkdar artisti, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov çıxış edərək bildirdilər ki, uzun illərin dövlətçilik təcrübəsi, xalqla hakimiyyət arasında düzgün münasibətlər formalaşdırılmasında atılacaq lazımi addımların dəqiq dəyərləndirməsi Heydər Əliyevin Azərbaycanın mövcud vəziyyətdə irəli aparılmasındakı fəaliyyətində misilsiz rol oynamışdır. O, ümumbəşəri dəyərlərə əsaslanan, lakin milli mentalitet, yüzillərlə formalaşmış milli əxlaq, mənəvi dəyərlər əsasında yeni dövlət idarəçiliyinin yaradılması zərurətini ön plana çəkməklə azad, müstəqil dövlətimizin inkişafına nail olmuşdur.
Sonda uzun illər YAP Suraxanı rayon təşkilatında səmərəli fəaliyyət göstərən bir neçə partiya üzvü təltif olunmuş, eləcə də partiya sıralarına qəbul olunmuş yeni üzvlərə vəsiqələr təqdim edilib.
YAP Suraxanı rayon təşkilatı təqdim etdiyi Ümummilli lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 55-ci ildönümü münasibəti ilə təşkil olunmuş “Dövlətə və Xalqa Xidmətin Ali Meyarı - Ulu Öndər Heydər Əliyevin Hakimiyyət İlləri” adlı tədbir Yeni Azərbaycan Partiyasının himninin səslənməsi ilə başa çatmışdır.