28 noyabr 2024-cü il tarixində Suraxanı rayon Heydər Əliyev Mərkəzində şəhid pilot, mayor Murad Yaşar oğlu Məmmədovun anım gününə həsr edilmiş “Biz sizdən öyrənirik qəhrəmanlığı” adlı tədbir keçirildi. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Qaya Məmmədov, Suraxanı Rayonu İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, digər rəsmi şəxslər, şəhidin ailə üzvləri, şəhid ailələrinin nümayəndələri, qazilər, veteranlar, şəhidin təhsil aldığı 278 və 279 nömrəli məktəblərin müəllim-şagird kollektivləri, sinif yoldaşları və silahdaşları, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Şəhid Murad Məmmədovun həyat yolundan bəhs edən videoçarx nümayiş olundu.
YAP Suraxanı rayonu təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirdi ki, Şəhidlərimizin əziz xatirəsi hər zaman xalqımızın qəlbində ən uca yerdə yaşayacaqdır. Yeni nəsillərin şəhidləri tanıması, onların həyat yolu ilə tanış olması gələcəkdə yeni qəhramanların formalaşmasına xidmət edəcək. Vüqar Seyidov Şəhid pilot, mayor Murad Məmmədovun Vətən qarşısında xidmətlərinin dövlətimiz və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini vurğulayaraq demişdir ki, dövlətin Şəhidlərə və Şəhid ailələrinə münasibəti hər bir vətəndaş üçün nümunə olmalıdır.
Milli Məclisin deputatı Qaya Məmmədov, Suraxanı rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, şəhidin sinif yoldaşı, AMEA Prezidentinin köməkçisi, filologiya üzrə fəlsəfə doktoru Həcər Vəliyeva, şəhidin döyüş yoldaşlarından Dövlət Sərhəd Xidmətinin kapitanı Məhəmməd Cəfərov, şəhidin həyat yolundan bəhs edən kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı lauriatı, şair – publisist İmran Qasımov, Suraxanı rayon şəhid ailələri cəmiyyətinin sədri Nəsibə Əliyeva, Suraxanı rayon 278 nömrəli məktəbin direktoru Sevinc Hüseynova və İnşaat kollecinin direktor müavini Muxtar Həsənov çıxışlarında qeyd etdilər ki, şəhidlik vətənpərvərliyin ən ali məqamıdır, eyni zamanda hünər və qeyrət simvoludur. Bu ucalığa yüksələnlərin ömür yolu bəzən qısa olsa da, həm şərəfli, həm də hər kəs üçün nümunəvi yoldur. Əsrlər ötəcək, nəsillər bir-birini əvəz edəcək, ancaq bizə qələbə sevinci bəxş edən şəhidlərimiz, torpaq uğrunda canını fəda etmiş oğul və qızlarımız heç vaxt unudulmayacaq. Müqəddəs şəhidlik məqamına yüksələnlər aramızda olmasalar da, ürəklərimizdə hər zaman yaşayacaqlar. Böyüməkdə olan gənc nəsli layiqli Azərbaycan vətəndaşı kimi yetişdirmək, şəhidlərimizin keçdiyi həyat yolunu öyrətmək bizim hər birimizin borcudur. Murad Məmmədovun timsalında igid oğulları olan Vətən yenilməzdir, məğlubedilməzdir və güclüdür.
Şəhid pilot, mayor Murad Məmmədovun ailəsi şəhid ailələrinə göstərilən qayğıya görə Dövlətimizə və xalqımıza öz təşəkkürlərini bildirdilər.
Tədbirin bədii hissəsində 96 nömrəli musiqi məktəbinin müəllimi-xanəndə Anar Abbasovun ifasında şəhidin sevdiyi mahnılar səsləndirildi. Suraxanı rayon 278 və 279 məktəblərinin şagirdlərinin ifasında şeir, mahnı kompozisiyaları, kiçik səhnəciklər və rəqs kompozisiyası nümayiş etdirildi.
Tədbir iştirakçıları eyni zamanda da şəhid pilot, mayor Murad Məmmədovun rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.