Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “8 Mart - Beynəlxalq Qadınlar Günü" nə həsr olunmuş tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Etibar Əliyev, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Mühafizə İdarəsinin rəisi Arif Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Vüqar Seyidov, FHN Akademiyasının rəisi Baba Salayev, RİHB-nin müavinləri, şəhid ailələri, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, ziyalılar iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin xatirəsi, həmçinin vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhid anaları başda olmaqla bütün xanımları "8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə təbrik edib. O, Azərbaycan tarixində qadına verilən dəyər və hörmət ənənələrindən bəhs edərək, Azərbaycan qadınının mehriban ana, qayğıkeş həyat yoldaşı, dövlət idarəçiliyində müdrik rəhbər olduğunu vurğulayıb. Əziz Əzizov çıxışında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Azərbaycan Qadınlarının I Qurultayının təşkil edildiyini və bu hadisənin ölkəmizin müasir qadın hərəkatı tarixində ən böyük hadisələrdən biri olduğunu, bu qurultayla ölkəmizdə qadın hərəkatının, onların cəmiyyət və dövlətin müxtəlif sferalarında iştirakının əsasının qoyulduğunu qeyd edib. Diqqətə çatdırıb ki, Ulu Öndərin siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan qadınları dövlətin bütün strukturlarında ləyaqətlə təmsil olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxsaylı layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov da bütün xanımları təbrik edərək, ən xoş arzularını çatdırıb. O, çıxışında qeyd edib ki, böyük mədəni irsə malik olan Azərbaycan qadını çətin, keşməkeşli inkişaf olu keçmişdir. Qadınlarımız bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişlər. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz məğrur qadınlarımızın adı ilə bağlı olmuşdur. Vüqar Seyidov bildirib ki, ümummilli lider Heydər Əliyev və cənab Prezident İlham Əliyev daim qadınlarımızın zəhmətini, cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyətini yüksək qiymətləndirmiş, onlara hər zaman böyük hörmətlə yanaşmışdır.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Etibar Əliyev hələ ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadınının bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olduğunu vurğulayıb. O, taleyüklü milli məsələlərin həllinə öz töhfələrini verən xanımlarımızın elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlərin onların çox böyük potensiala malik olduğunu təsdiq etdiklərini də bildirib.
Respublikanın Əməkdar artisti, Rayon Ağsaqqallar Şurasının sədr müavini, professor Ağalar Bayramov da çıxış edərək bütün xanımları təbrik edib.
Rayonun ictimai həyatında fəal iştirak edən qadınların bir qrupu Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı Rayon Təşkilatı tərəfindən təltif olunub, eləcə də tədbirdə iştirak edən şəhid analarına və bütün xanımlara hədiyyələr, gül dəstələri təqdim edilib.
Tədbir Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin "Dan Ulduzu" ansamblının, eləcə də Respublikasının əməkdar artisti Aqşin Abdullayevin, sevimli müğənnilər Elvin Əhmədin, Məzahir Fikrətoğlunun və Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdlərinin təqdimatında bədii hissə ilə davam edib.