Suraxanı rayonunda 28 May - Müstəqillik günü münasibəti ilə tədbir keçirilmişdir

Suraxanı rayonu Gigiyena və Epidemiologiya Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümü ilə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçiləri Ənvər Haqverdiyev, Fərəh Məcidzadə və Suraxanı rayonu Gigiyena və Epidemiologiya Mərkəzin əməkdaşları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Arzu Quliyeva qeyd etmişdir ki, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Arzu Quliyeva bildirib ki, Ümummilli lider Heydər Əliyev dəfələrlə demişdir ki, bu gün biz demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, bunu Xalq Cümhuriyyətinə borcluyuq.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev xüsusi qeyd etmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinə, onun töhfələrinə ən yüksək qiyməti məhz Ulu Öndər Heydər Əliyev və Prezident cənab İlham Əliyev vermişdir. Belə ki, Ulu Öndər tərəfindən 1998-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi” və cənab İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” haqqında sərəncamlar imzalanmışdır. Prezident cənab İlham Əliyev tərəfindən 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuşdur. Ənvər Haqverdiyev demişdir ki, dövlətin ali diqqəti, qayğısı nəticəsində ölkəmizdə və ölkəmizdən kənarda elmi konfranslar, silsilə tədbirlər keçirilmiş, elmi araşdırmalar aparılmış və kitablar, məqalələr yazılmışdır.
Daha sonra çıxış edən natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin müasir Azərbaycan Respublikasına müsbət təsiri ilə bağlı vurğulamışlar ki, Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.