Suraxanı Rayonunda “1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü” qeyd olunub

Suraxanı Rayonunda “1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü” qeyd olunub
Avqustun 1-də Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində “1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü” münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dili” adlı dəyirmi masa keçirilib.
Dəyirmi masada Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, AMEA-nın Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru dosent Əzizağa Nəcəfzadə, FHN Akademiyasının müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Vüsalə Rzazadə, RİHBA-nın şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndərin Əmircan qəsəbəsində yerləşən Heydər Əliyev parkında abidəsini ziyarət ediblər. Daha sonra RİH-in konfrans zalında baş tutan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Həmçinin, Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri ilə bağlı videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan RİHB-nin müavini Könül Axundova bildirib ki, Azərbaycan dili xalqımızın milli sərvətidir və millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. RİHB-nin müavini qeyd edib ki, Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Lakin dilimizin yaxın keçmişdə ciddi sınaqlarla üzləşdiyini də unutmaq olmaz. Azərbaycan dilinin hərtərəfli inkişafı, onun dövlət dili kimi tanınması və beynəlxalq kürsülərdən eşidilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Təqdirəlayiq haldır ki, Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən ölkə başçımız cənab İlham Əliyev də doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır.
Tədbirdə çıxış edən YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, dil hər bir millətin mənəvi siması, onun milli varlığının timsalı və onu digər xalqlardan fərqləndirən ən böyük amildir. Dilini itirən xalq məhvə məhkumdur. Yerli təşkilatın sədri onu da vurğulamışdır ki, doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Bu sərvəti qorumaq, gələcək nəsillərə çatdırmaq hər bir vətəndaşın borcudur. Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir.
Daha sonra çıxış edənlər AMEA-nın Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru dosent Əzizağa Nəcəfzadə, FHN Akademiyasının müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Vüsalə Rzazadə, Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyev, Əmircan bələdiyyəsinin sədri Cəmilə Ağayeva da bildiriblər ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dilimizin daha geniş işlənməsi və nüfuzunun artması üçün şərait yarandı. Sonralar dövlət dilinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis olunması haqqında imzalanan fərmanlar, həyata keçirilən məqsədyönlü siyasət Heydər Əliyevin Azərbaycançılığın inkişafı yolunda göstərdiyi misilsiz xidmətlərdəndir. Qeyd olunub ki, milli kimliyimizin pasportu olan ana dilimizi qorumaq hər birimizin vətəndaşlıq borcumuzdur.