Suraxanı rayonu, 275 nömrəli tam orta məktəbdə “31 Mart - Tarixin Səsi” adlı anım tədbiri keçirilmişdir
31 mart 2026-cı il tarixdə Suraxanı rayonu, 275 nömrəli tam orta məktəbdə 31 mart – “Azərbaycanlıların Soyqırımı Günü”nün 108-ci ildönümünə həsr olunmuş “31 Mart - Tarixin Səsi” adlı anım tədbiri keçirilmişdir.
Tədbirdə 31 mart – “Azərbaycanlıların Soyqırımı Günü”nə həsr həsr olunmuş ədəbi-bədii kompozisiyalar təqdim olunmuş, mövzuya dair videoçarx nümayiş etdirilmişdir. Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini ehtiramla yad etmiş, milli həmrəylik və vətənpərvərlik ruhu nümayiş etdirmişlər.
Tədbiri giriş sözü ilə açan 275 nömrəli tam orta məktəbin direktoru Elnur Hüseynov bildirmişdir ki, tarixi unutmaq, onu yenidən yaşamağa məhkum olmaqdır. 31 Mart soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin ən böyük borcu bu hadisələrin beynəlxalq hüquq müstəvisində tam tanınmasına nail olmaqdır.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə çıxış edərək bildirmişdir ki, bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və milli yaddaşın gücləndirilməsi istiqamətində dövlətimiz mühüm addımlar atmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin soyqırımının 100 illik yubileyi ilə əlaqədar imzaladığı Sərəncam bu yolda xüsusi çəkiyə malikdir. Bu sənəd təkcə keçmişə verilən dəyər deyil, həm də gələcəkdə belə faciələrin təkrarlanmaması üçün siyasi-hüquqi bir mesajdır.