SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın gücləndirilməsini təşviq edən platformadır
Bakı növbəti dəfə nüfuzlu beynəlxalq siyasi tədbirə ev sahibliyi etdi. Azərbaycanın mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi ölkəmizin nüfuzunun və qüdrətinin təzahürüdür. Noyabrın 24-də Azərbaycan paytaxtında BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Bəli, vətəndaşlarımız artıq sözün əsl mənasında alışıblar ki, təkcə paytaxtımızda yox, bölgələrimizdə də davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir. “Bakı növbəti dəfə nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etdi” ifadəsi isə yüzlərlə məqalə və reportajın başlığına çevrilib.
1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqramın əhatə etdiyi ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Proqramın üzvü olan Azərbaycan son illərdə bu ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir.
Bildiyimiz kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənmişdir.
Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursu ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan milli-strateji hədəflərə çatmağa imkan verir, Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edir. Bütövlükdə, respublikamızın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır.
Tarixi torpaqlarımızı 30 il işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən sonra dərs almayan Ermənistan yenidən hərbi təxribatlara əl atdı. Sentyabrın 27-də baş verənlər isə səbr kasasını daşıran son damla oldu. Vətən müharibəsi başlamışdı və bütün Azərbaycan bir neçə dəqiqənin içində cəbhəyə kökləndi. Hamının qəlbi Vətən naminə döyündü. Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Prezident-Ordu-Xalq birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu.
Əsrlər boyu Azərbaycan xalqı bir çox tarixi günlərə şahidlik etmiş, ağrılı-acılı dönəmlərlə yanaşı, qürurverici və sevincli anlarla dolu məqamlar yaşamışdır. Lakin əminliklə demək olar ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir.