Slovakiya-Azərbaycan münasibətləri: perspektiv əməkdaşlıq

Slovakiya-Azərbaycan münasibətləri: perspektiv əməkdaşlıq
Məcid Rəsulov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 140 nömrəli tam orta məktəbin direktoru
Slovakiya Respublikasının baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri mühüm önəm kəsb edir. Prezident İlham Əliyevlə ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun mətbuata verdiyi bəyanatında da vacib mesajlar səslənib. Slovakiyanın Baş nazirinin ölkəmizə uğurlu səfəri çərçivəsində aparılan müzakirələrdə qarşılıqlı əməkdaşlığın perspektiv istiqamətləri də müəyyənləşdirilib. İmzalanan sənədlərdən və səsləndirilən fikirlərdən aydın olur ki, müdafiə və müdafiə sənayesi sahələri ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərindən birini təşkil edəcək. Səfər çərçivəsində bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılıb və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında artıq konkret danışıqlara start verilib.

Prezident İlham Əliyev: “Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq”. Vurğulanıb ki, Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar hadisələr yaşanır. Bu bir reallıqdır ki, Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır.

Bu gün bir çox dövlətlərlə yanaşı, Azərbaycan Slovakiya ilə də münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edəcək qərarların, sənədlərin qəbul edilməsinə diqqət ayırır.

Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur.2019-cu ilin 28 noyabr tarixində Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin açılış mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Slovakiya Respublikası parlamentində isə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistanla dostluq qrupu fəaliyyət göstərirlər.

Azərbaycanın Slovakiya Respublikasında Səfirliyi isə 2023-cü ildə təsis edilmişdir. 18 mart 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər edib. Məhz bu tarixi səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin genişlənməsində böyük rol oynayıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən Slovakiya şirkətləri əsasən yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Həmçinin Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır.

Azərbaycan, hazırda səkkiz ölkəyə təbii qaz ixrac edir. Cənab Prezident öz çıxışında bildirdi ki, bu siyahıya yaxın vaxtlarda Slovakiya da əlavə oluna bilər. Məlum olduğu kimi, keçən ilin aprel ayında Bolqarıstanda “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və bununla da Azərbaycan qazını Slovakiya bazarına nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.

Azərbaycan azad olunan ərazilərin minalardan təmizlənməsi sahəsində də Slovakiya ilə əməkdaşlıq edir. Belə ki, Slovakiyadan yeddi minatəmizləmə texnikasının alınması ilə bağlı ANAMA tərəfindən müvafiq sənəd imzalanıb.

Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək.