Şimali Makedoniya Azərbaycanın beynəlxalq təşkilatlarda həyata keçirdiyi təşəbbüsləri dəstəkləyir

Şimali Makedoniya Azərbaycanın beynəlxalq təşkilatlarda həyata keçirdiyi təşəbbüsləri dəstəkləyir
Aygün Səfərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin müəllimi

2025-ci ilin mart ayında Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycana rəsmi səfər etmişdir. Bu səfər iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış edərək, Bakı-Skopje münasibətlərinin müxtəlif sahələrdə genişləndirilməsinin vacibliyini vurğulamışdır.

Prezident İlham Əliyev çıxışında bildirib ki, “Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq” və bu istiqamətdə aparılan danışıqlar davamlı xarakter daşıyır. Azərbaycan və Şimali Makedoniya arasında mövcud əlaqələrin daha da genişləndirilməsi üçün müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi prioritet məsələlərdən biri kimi müzakirə olunub.

Prezidentlər səviyyəsində baş tutan bu görüş iki ölkənin siyasi və iqtisadi sahədə əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Tərəflər ikitərəfli münasibətlərin inkişafına dair müxtəlif sənədlər imzalamış, dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulamışlar.

Səfər zamanı enerji sahəsində əməkdaşlığın gücləndirilməsi məsələsinə xüsusi diqqət yetirilmişdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və “Avropa Azərbaycan qazına ehtiyac duyur” prinsipi əsas götürülərək bu sahədə tərəfdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılmışdır. Şimali Makedoniya Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan qazının təchiz olunduğu ölkələr sırasına daxil olmaq istəyini bildirmiş və bu istiqamətdə mümkün əməkdaşlıq mexanizmləri nəzərdən keçirilmişdir.

Bundan əlavə, bərpa olunan enerji sahəsində də birgə layihələrin reallaşdırılması planlaşdırılır. Azərbaycanın alternativ enerji mənbələrinə yatırımlarını artırması, Şimali Makedoniyanın isə bu sahədəki təcrübəsi enerji sektorunda əməkdaşlıq üçün geniş imkanlar yaradır.

Prezident İlham Əliyev bəyanatında humanitar sahədə əlaqələrin inkişafının vacibliyini xüsusi vurğulayaraq bildirib ki, “Xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var”. Təhsil, mədəniyyət, elm və incəsənət sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi, tələbə mübadilə proqramlarının tətbiqi və ali təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulması əsas müzakirə mövzularından olmuşdur.

Şimali Makedoniyanın Azərbaycanla mədəni irs və turizm sahəsində əməkdaşlıqda maraqlı olduğu qeyd edilmişdir. Bu çərçivədə Bakıda və Skopyedə qarşılıqlı mədəniyyət günlərinin təşkili, teatr və musiqi sahələrində birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.

Azərbaycan və Şimali Makedoniya arasında münasibətlərin inkişafında mühüm amillərdən biri də dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləridir. 2025-ci ildə baş tutan bu səfər diplomatik münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Hər iki ölkənin xarici işlər nazirlərinin mütəmadi görüşlər keçirməsi və strateji məsələləri müzakirə etməsi diplomatik əlaqələrin dərinləşməsinə təkan verir. Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, müxtəlif sahələrdə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi də əsas prioritetlərdən biri olmuşdur.

Şimali Makedoniya Azərbaycanın beynəlxalq təşkilatlarda həyata keçirdiyi təşəbbüsləri dəstəkləyir və Azərbaycanın BMT, ATƏT və Qoşulmama Hərəkatındakı fəaliyyətini yüksək qiymətləndirir. Görüş zamanı Azərbaycanın COP29-a ev sahibliyi etməsi müsbət qarşılanmış və bu tədbirdə Şimali Makedoniyanın da fəal iştirak edəcəyi vurğulanmışdır.

İki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması və biznes dairələri arasında əlaqələrin gücləndirilməsi üçün geniş müzakirələr aparılmışdır. İqtisadi sahədə əməkdaşlıq çərçivəsində Şimali Makedoniyanın Azərbaycanın nəqliyyat və logistika imkanlarından yararlanması müzakirə edilib.

Azərbaycanın Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə Şimali Makedoniyaya nəqliyyat-logistika xidmətlərinin göstərilməsi məsələsi gündəmdə olub. Bununla yanaşı, kənd təsərrüfatı, informasiya texnologiyaları və alternativ enerji sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub.

İkitərəfli ticarət dövriyyəsinin artırılması məqsədilə biznes forumların keçirilməsi və investisiya layihələrinin icrası üçün hökumətlərarası işçi qrupunun yaradılması qərara alınmışdır. Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə keçirilən görüş, iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsinə şərait yaratmışdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Şimali Makedoniya arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq böyük perspektivlər vəd edir.

Bu səfər, Azərbaycan-Şimali Makedoniya münasibətlərinin gələcək inkişafı üçün mühüm addım olmaqla yanaşı, hər iki ölkənin strateji maraqlarına xidmət edən birgə layihələrin reallaşdırılmasına təkan vermişdir.