Silahlı Qüvvələrin inkişaf tarixinə bir nəzər
Vaqif Qurbanov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, hərbi ekspert
Ordu bir dövlətin var olması üçün əsas amillərdən biridir, daha doğrusunu desək ən vacib olanıdır. Ordu xalqda fəxarət hissi yaradaraq dərin bir ehtiramla və qürurla çəkilən şanlı bir addır. Dövlətin özünü də, dövlətçiliyi də qoruyan onun ordusudur.
1918-ci ilin mayın 28-də şərqdə ilk dəfə Azərbaycan Demokratik Respublikası yarandı. 1918-ci il 26 iyun tarixli fərmanı ilə dövlətin ərazisini və sərhədlərini qorumaq üçün Milli Ordunun yaradılmasına başlanıldı. Hərbi Nazirlik yaradıqldıqdan sonra, General Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi.
Azərbaycan Demokratik Respublikası süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi və onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb bolşeviklər tərəfindən güllələndi. Doğrudur 23 aylıq fəaliyyəti olan Azərbaycan Demokratik Respublikası bolşeviklər tərəfindən süqut olunsa da, bu xalqın qəlbində daima alovlanan “azad yaşamaq üçün güclü dövlət qurmaq lazımdır“ ideyasını silə bilməmişdir. Nəhayət, 73 il sonra xalq arasında başlayan milli azadlq hərəkatı nəticəsində Azərbaycan Sovet Sosialist Respublikaları İttifaqından çıxaraq yenidən müstəqilik qazandı.
Müstəqiliyimizin ilk illərində hakimiyyətin səriştəsizliyi respublikada siyasi gərginliyin yaranmasına və bununlada, siyasi gərginliyin nəticəsi kimi vətəndaş qarşıdurması yaranmasına səbəb olmuşdur. Xalqı sevən və dövlətçiliyi ancaq olduqca həssas, dürüst, məntiqli və milli ruha əsaslanan siyasət xilas edə bilər. Yalnız dövləti bu xaosdan onun rəhbərliyi ilə qurtulacağını inan xalq 1993-cü ilin yayında təkidlə Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Uzaqgörən, dahi siyasətçi və yüksək təffəkürə sahib olan Ulu Öndər Heydər Əliyev öz gəlişi ilə nikbinliyə, ümidsizliyə qapılmiş xalqı və ölkəni xaosdan qurtararaq vətəndaş müharibəsinin qarşısını almışdır. 15 iyun Azərbaycanın dövlətçilik tarixi inkişafında dönüş nöqtəsi oldu. Allah sevdiyi bir xalqa onu ümidsizlikdən gözəl gələcəyə götürə biləcək bir rəhbər, bir Lider bəxş edər. Azərbaycan xalqı üçün Ulu Öndər Heydər Əliyev, türk xalqı üçün isə Mustafa Kamal Atatürk kimi tarixi şəxsiyyətlər Allahın bir lütfudür. Tarixi şəxsiyyətlər tarixin axarını xalqının, millətinin mənafeyi istiqamətinə yönəldə bilir.
Öz uzaqgörənliliyi və apardığı dahi siyasəti ilə Mustafa Kamal Atatürk Türkiyəni, Heydər Əliyev isə Azərbaycanı xilas edərək milyonların sevgisini qazandı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də öz xalqının tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimlərindən biridir. Onun istər sovet dövründə Azərbaycana rəhbərliyi, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi belə bir aydın və istisnasız qənaətə gəlməyə imkan verir. Hər iki rəhbərlik dövründə Heydər Əliyev Azərbaycanı inkişafının çox yüksək səviyyəsinə qaldıra bildi. Amma sovet dövründən fərqli olaraq, XX əsrin sonlarında Heydər Əliyev əvvəlcə müstəqil Azərbaycanı qurdu və sonra da onu inkişafının yüksək səviyyəsinə çatdırdı.
Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlıların hərb sənətinə öyrənməsinə qarşı siyasəti dəyişmədiyini anlayan Ulu Öndər Heydər Əliyev ordu üçün milli kadrların yetişməsinin vacibliyini prioritet olaraq qəbul etmişdir. Belə ki, Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılmalarına baxmayaraq, onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Ulu Öndər Heydər Əliyev 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu.
Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ və Vətən müharibəsində misilsiz igidliklər göstərmişlər.
“İqtisadiyyatı güclü olan dövlət güclü orduya, güclü ordusu olan dövlət isə hər şeyə qadirdir” prinsipini rəhbər tutan Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Respublikanın iqtisadi inkişafını təmin edən beynəlxalq müqavilələr imzalandı. İqtisadi inkişaf iqtisadi inkişafın dinamikası ordu quruculuğunu dövlət üçün prioritet məsələlərdən birinə çevirdi.
Ordu quruculuğu istiqamətində müqayisəyəgəlməz islahatlar həyata keçirildi - yerli müdafiə batalyonları buraxılaraq, orduda vahid komandanlığın təmin olunması, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığında kifayət qədər təsirli tədbirlərin keçirilməsi ordunun nizami ordu kimi formalaşmasında əhəmiyyətli rol oynadı. Çünki Ulu Öndər Heydər Əliyev yaxşı anlayırdı ki, bir dövlətin var ola bilməsi üçün, onun güclü iqtisadiyyatı, yüksək səviyyədə təhsili və güclü ordusu olmalıdır. Umumimilli Lider Heydər Əliyev ölkəyə qayıtdıqdan sonra ordu quruculuğunda apardığı islahatlar qısa zamanda öz bəhrəsini verməyə başladı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin sərkərdəliliylə keçirilən Horadiz əməliyyatı zamanı qazanılan qələbə bunun bariz göstəricisidir. Bu qələbə ordunun şəxsi heyətinin döyüş əzmini, qələbə ruhunu alovlandıraraq bir daha ictimaiyyəti inandırdı ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Azərbaycan dövlətçiliyinin memarı olan dahi şəxsiyyət Heydər Əliyevin ordu quruculuğu siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldikdən sonrada uğurla davam etdirilərək Azərbaycan Ordusu ən müasir, yeni texnikalarla, qurğularla təchiz olunan, hərbi təhsil sistemi bu baxımdan təkmilləşdirilmiş ən yüksək döyüş qabiliyyətinə malik ordu səviyyəsinə qaldırıldı.
Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə əlaqədar 4 qətnaməsi olmasına baxmayaraq, erməni silahlı birləşmələri dədə-baba yurdumuzu geri qaytarmaq niyyətində deyildilər. Əksinə himayədarlarının yağlı vədləri onları yeni-yeni ərazi iddialarını irəli sürməsinə səbəb olurdu. Ancaq heç vaxt Azərbaycan xalqı və onun rəhbəri ermənilərin bu istəkləri ilə razılaşmamışdı. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi.Və nəhayət gözlənilən əmr 2020-ci ilin 27 sentyabrında verildi. Xalqın sevgisini qazanan və dədə-baba yurdlarından didərgin salınan xalqın vəziyyətini yaxşı anlayan cənab Prezident, Müzəffər Ali Baş Komandan “Vətən Torpaqlarının Azadlığı uğrunda İRƏLİ” əmri ilə irimiqyaslı hərbi əməliyyatlara başlanıldı. Ancaq mən buna müharibə deməzdim. Çünki müharibə iki dövlətin silahlı birləşmələri arasında baş verən silahlı toqquşmalardır. Bu, yalnız Azərbaycanın öz torpaqlarında yuva salmış “qondarma dövlətcik” adı altında fəaliyyət göstərən terroristlərdən ibarət silahlı birləşmələrlə mübarizə aparmaq üçün keçirdiyi bir antiterror əməliyyatıdır. Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi. 44 günlük müharibədəki zəfəri ilə ordumuz yeni tarix yazdı, dövlətçiliyimizi, irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi. Bu qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi.
2020-ci il Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi.
Prezident İlham Əliyev "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir” deyərək bu paradın böyük əhəmiyyətə malik olduğunu öz çıxışında qeyd etmişdir. Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Ermənistanın 26 ildə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Bu mənada Azərbaycan Ordusunun Zəfər paradı həm də Ermənistanın havadarlarına verilən bir mesaj idi. Bundan sonra Ermənistanın bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə cürəti çatmayacaq.
Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birləşmə və hərbi tədris müəssisələrinin şəxsi heyətlərinin, hərbi texnikaların iştirak etdiyi Zəfər paradında ölkə ictimaiyyəti bir daha dövlətimizin hərbi gücünün, ordumuzun döyüş və qələbə əzminin əyani şahidi oldu. Hərbi gücün praktik nümayiş etdirildiyi parad hər bir azərbaycanlının öz ordusunun qüdrətinə olan inamını, qürur və fəxarətini qat-qat artırdı. Zəfər paradı dostda inam, düşmənə qorxu hissi yaratmaq baxımından olduqca əhəmiyyətli idi. Eyni zamanda bu hərbi parad düşmənə verilən növbəti mesaj oldu. Prezident İlham Əliyevin dediyi kimi: "Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.
Bu parad bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ötən 17 ildə uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib.
44 günlük müharibədə qələbənin əldə olunması üçün Müdafiə Nazirliyini, Dövlət Sərhəd Xidmətini, Daxili İşlər Nazirliyini təmsil edən qoşunlarımız qarşılarında duran vəzifələri layiqincə icra etdilər. Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin bölmələri öz vəzifələrini uğurla yerinə yetirərək Qələbəyə öz töhfələrini verdilər.
Ulu Öndər Heydər Əliyev bu tarixi qələbəni illər öncə öz xalqına və onun ordusunun gücünə inanaraq demişdir ki, bizim ordumuz güclüdür. Ordumuzun gücü gündən-günə artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir. Onu biz azad edəcəyik, biz! Biz bunu sülh yolu ilə həll etmək istəyirik. Bu barədə çoxlu səylər qoymuşuq və bundan sonra da qoyacağıq. Ancaq bizim bu səylər sonsuz olmayacaqdır. Biz bütün səylərimizi qoyub məsələni sülh yolu ilə həll etməyə çalışacağıq. Əgər bu, mümkün olmasa, bizim əziz zabitlərimiz, əziz Silahlı Qüvvələrimiz, siz torpaqlarımızın azad olunması üçün hər gün hazır olmalısınız!
Torpaqlarımız azad olacaq, ordumuz inkişaf edəcək, respublikamızın iqtisadiyyatı yüksələcək və ən yaxın illərdə Azərbaycan böyük inkişaf yoluna qədəm qoyacaqdır. Buna əmin ola bilərsiniz.
Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir.
Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılaraq şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir, onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlət tərəfindən bu təbəqəyə göstərilən diqqət və qayğı göz önündədir və təqdirəlayiqdir.
Torpağının hər qarışı şəhid qanıyla yoğrulmuş bu vətən və bizə miras qalan doğma Azərbaycanımızı qorumaq və güclü olması üçün çalışmaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Vətənimizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhid olanların məzarları hər bir Azərbaycan gəncinin and yeridir. Xalqımızın qürur mənbəyidir və unudulmaz tarixidir. Çünki onlar tarixi yenidən yazan və xalqın qəlbində sonsuza qədər yaşayan qəhraman oğullardır. Bu sevinci bizə yaşatdığınız üçün biz sizə borcluyuq cənab Preziden, Müzəffər Ali Baş Komandan. Vətən üçün layiqli övlad yetişdirdiyiniz üçün şəhid və qazi anaları, biz sizə borcluyuq