Şəhid Muxtar Qasımlının şəhadətinin birinci il dönümü qeyd olunmuşdur

Şəhid Muxtar Qasımlının şəhadətinin birinci il dönümü qeyd olunmuşdur

2 oktyabr 2021-ci il tarixdə Şəhid Qasımlı Muxtar Əli oğlunun şəhadətinin  birinci il dönümü münasibəti ilə anım günü keçirilmişdir. Öncə Şəhidin Xəzər rayonu Qala qəsəbəsindəki əbədi istirahətgahı mərasim iştirakçıları tərəfindən ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.

Anım günü münasibəti ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədrinin müavini Adil Əliyev, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nümayəndəsi Hacı Şahin Həsənli, digər rəsmi şəxslər, Şəhid General-mayor Polad Həşimovun anası Səmayə xanım Həmişova, Şəhid ailələri, qazilər və ölkə ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir Ümummilli lider Heydər Əliyevin və Vətən Müharibəsində canlarını vətən uğrunda qurban vermiş şəhidlərin  əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlamışdır. Daha mərasimdə iştirak edən rəsmi şəxslər, şəhid ailələrinin nümayəndələri, qazilər, din xadimləri və ictimai xadimlər Vətən Müharibəsində xalqımızın qazandığı əvəzsiz zəfərdən bəhs edərək demişlər ki, Muxtar Qasımlı da canını Azərbaycan Respublikası uğrunda fəda etmiş oğullarımızdandır. Muxtar Qasımlının cempion olması və Azərbaycanın bayrağını dəfələrlə müxtəlif yarışlarda dalğalandırması xüsusi vurğulanmışdır. Vətənə lazım olanda öz oğul borcunu yerinə yetirən Muxtar Qasımlı könüllü olaraq Vətən Müharibəsinə qatılmışdır. Təxliyə qrupunun üzvü olan Şəhid Muxtar neçə-neçə şəhid və qazinin təxliyə edilməsində fəal iştirak etmişdir. Sonda özü də aldığı güllə yarasında şəhid olmuşdur. Qeyd edək ki, şəhid Qasımlı Muxtar Əli oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Sonda Muxtarın məzunu olduğu Suraxanı rayonu 318 nömrəli tam orta məktəbin kiçik məktəblilərinin iştirakı ilə bədii kompazisiya və şəhidlə bağlı video-çarx təqdim olunmuşdur.