Şəhid Əli Seyidovun doğum günü ehtiramla yad edilib

Şəhid Əli Seyidovun doğum günü ehtiramla yad edilib

Düşmən üzərində zəfər qazandığımız Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Rəşadət” ordeninə, "Vətən uğrunda", “ Cəsur döyüşçü”, "Ağdamın azad olunmasına görə" və “Soqovuşanın azad olunmasına görə" medallarına layiq görülən şəhid Seyidov Əli Rahin oğlunun 25-ci doğum günü ehtiramla qeyd edilib. Anım tədbirində Milli Məclisin deputatı Razi Nurullayev, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, YAP Suraxanı Rayon Təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, şəhid ailələri və qazilər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunmuşdur. Daha sonra Şəhid Əli Seyidov ilə bağlı video çarxlar nümayiş olunub.

Bakı Gənclər Mərkəzində keçirilən anım tədbirdə çıxış edən şəhid anası Lalə Seyidova dövlət tərəfindən bütün şəhid ailələri kimi onların ailəsinin də daim diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayaraq, göstərilən hər cür dəstək və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına təşəkkürlərini bildirib.

Milli Məclisin deputatı Razi Nurullayev çıxış edərək dedi ki, 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi.

YAP Suraxanı Rayon Təşkilatının məsləhətçisi Ənvər çıxışında Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi qətiyyətli mövqenin otuz illik münaqişənin həllində, o cümlədən ərazi bütövlüyümüzün bərpa olunmasında həlledici rol oynadığını bildirib, Vətən müharibəsinin Azərbaycan gənclərində, torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha nümayiş etdirdiyini, xalqımızın Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyini diqqətə çatdırıb.

Anım tədbiri şəhidlərə həsr olunmuş bədii hissə ilə davam etmişdir.