Rəsmi Bakı bu təşkilatlar sırasında Qoşulmama Hərəkatı ilə əlaqələrin inkişafına xüsusi önəm verir

Rəsmi Bakı bu təşkilatlar sırasında Qoşulmama Hərəkatı ilə əlaqələrin inkişafına xüsusi önəm verir

Elburus Xəlilov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, Hövsan Bələdiyyəsinin sədri

Regionda aparıcı aktora çevrilən Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər.  Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Eyni zamanda, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır.

Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu.    

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz çevik və səmərəli şəkildə öz sədrlik gündəliyini yeni reallığa uyğunlaşdırdı. Əlbəttə, bu prosesdə Azərbaycan dövlətinin və Prezident cənab İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi də mühüm rol oynadı. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Belə ki, məhz Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi.

Beynəlxalq təşkilatların hər birinin dünyadakı proseslərə fərqli baxışı və özünəməxsus təsir gücü var. Azərbaycan adları çəkilən beynəlxalq qurumların hamısı ilə geniş əlaqələrə malikdir, amma  rəsmi Bakı bu təşkilatlar sırasında Qoşulmama Hərəkatı ilə əlaqələrin inkişafına xüsusi önəm verir. 2019-cu ildən ölkəmiz Qoşulmama Hərəkatına uğurla sədrlik edir.

Geridə qalan 3 ilə nəzər salsaq görərik ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müddətində Təşkilatın təsir gücü beynəlxalq məkanda daha da genişləndi, tarixi uğurlara imza atdı. Prezident İlham Əliyev 2019-cu ildə QH-nin Bakıda keçirilən sammitində bəyan etmişdi ki, Azərbaycan öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcək.

İşğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmış, bütün mədəni və dini abidələr talan və qarət edilmişdir. Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir.

2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur.  

Martın 2-də Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə yüksək səviyyəli nümayəndələrin iştirakı bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. 70-ə yaxın ölkənin dövlət və hökumət başçılarının toplandığı Bakıdakı Zirvə görüşü COVID-19-un qarşısının alınması və digər bəşəri problemlərin həlli yollarının araşdırılıb tapılması üçün ideal və son dərəcə uğurlu tribuna idi.