Rusiya və Azərbaycanı möhkəm dostluq əlaqələri bir-birinə bağlayır
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 268 saylı uşaq bağçası və körpələr evinin müdiri
Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni müstəvidədir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında əlaqələr genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır.
“Heydər Əliyev və Vladimir Putin Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırki səviyyəsinin əsasını qoyublar” - bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşdə bildirib: “Məhz sizin 2001-ci ildə azərbaycana səfərinizdən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi və biz bu gün artıq bu münasibətləri müttəfiqlik qismində təkcə de-fakto deyil, həm də de-yure səciyyələndiririk.”
Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanmasını xatırladan Prezident İlham Əliyev onu münasibətlərimizin ruhunu və xarakterini, ölkələrimizin daha sıx qarşılıqlı əlaqələrə səylərini əks etdirən mühüm siyasi sənəd kimi qiymətləndirib. Hal-hazırda iki ölkə arasında müqavilə-hüquqi bazaya 200-ə yaxın dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlər daxildir. Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri vardır.
Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada miltonlarla azərbaycanlı yaşayır və işləyir. Eyni zamanda azərbaycanda da çoxsaylı rus icması yaşayır. Iki dövlət arasında münasibətlər, əlaqələr uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir.
Bu iki ölkəni Azərbaycan və rus xalqını təkcə sərhədlər deyil, həm də tarixi, siyasi, mədəni, sosial bağlar bir-birinə bağlayır. Bu iki xalq və dövlət arasındakı münasibətlər təkcə sərhədlərə dayanan qonşuluqla bağlı deyil, həm də dostluq və əməkdaşlığa əsaslanır.