Rasional və demokratik müxalifətçilik dialoqsuz mümkünsüzdür
Səbunə İbadova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin müəllimi
Müxalifətçilik milli maraqlara zərbə vuran tərəf kimi çıxış etməməlidir. Siyasi partiyaların əsas təməl prinsipləri Azərbaycan dövlətinin milli maraqlarının qorunması olmalıdır. Bu gün Azərbaycanda əlverişli ictimai-siyasi mühit formalaşmışdır. İctimai-siyasi sabitliyin qorunmasında əsas amil isə xalq-iqtidar birliyidir. Torpaqlarımızın azad olunması uğrunda apardığımız 44 günlük müharibə birlik olmağın əsas dəyər olduğunun əyani göstəricisi idi.
Siyasi dialoq açıq və demokratik rəqabətə istiqamətlənmiş çağırışdır. 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfransda çıxışı zamanı Prezident İlham Əliyev sağlam dialoq mühitini bu sözlərlə təsvir etmişdir. ”Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu çox müsbət haldır.
Ancaq eyni zamanda bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsəslə toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır”. Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi, müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır”
Azərbaycan hakimiyyəti hər zaman siyasi dialoqun tərəfdarı olduğunu qeyd edir və bu istiqamətdə addımlar atır. Dialoq dövlətin inkişafının əsas elementlərindən biridir. Ümumilli məsələlərin həllində iqtidar və müxalifət nümayəndələri arasında siyasi dialoqun həyata keçirilməsi və milli maraqların üstün tutulması ən düzgün istiqamətdir.
Bütün bunlara baxmayaraq siyasi dialoqdan müxtəlif səbəblər gətirərək yayınmağa çalışan partiyalar da vardır. Baxmayaraq ki, dialoq mühitinin formalaşması, tərəflər arasında mövqelərinin balansına xidmət edir. Prezident İlham Əliyevin bu mövzuda çıxışı zamanı qeyd etdiyi kimi: ”Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökümətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var”.
Sürətlə dəyişən dünyada yeni reallıqlar və mürəkkəb siyasi proseslər siyasi partiya nümayəndələrindən bir-birlərinə tolerant münasibət gostərməyi tələb edir. Dəyişən dünyaya uyğunlaşa bilməyən, siyasi dialoqla əlaqəli olan bütün təşəbbüsləri inkar edən və bu proseslərdə iştirak etməkdən boyun qaçan qüvvələr öz radikal mövqelərini nümayiş etdirmiş olurlar. Realığı qəbul etməyən və öz xain mövqelərinə tənqidi ritorika ilə haqq qazandırmağa çalışan siyasi partiyalar əslində öz inkişafında durğunluq dövrünü yaşayırlar. Siyasi şərhlərdə qeyri-obyektivlik və qərəzlilik nümayiş etdirərək, milli maraqlara zərbə vurmağa, xarici qüvvələrin marağına xidmət etməyə səy göstərirlər. Bu siyasi partiyaların ölkənin siyasi sisteminin funksionallığına fayda verməsi artıq mümkünsüzdür.
“Siyasi partiyalar haqqında” yeni Qanun layihəsi, 24 ölkənin təcrübəsinə, 47 siyasi partiyanın 250 dən çox, deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif əsasında hazırlanmışdır. Həmçinin ictimai rəyin və təkliflərin alınması üçün Milli Məclisin saytında yerləşdirilmişdir. Qanun layihəsinin sosial şəbəkələrdə paylaşılması və ictimai müzakirəyə açıq olması,insanlar tərəfindən yüksək qiymətləndirilmişdir. İctimai rəyin müsbət olmasıina baxmayaraq,bəzi radikallar bu dəfə də mənfi münasibət mövqeyindən əl çəkməyiblər. Görünən odur ki,”Siyasi partiyalar haqqında” yeni Qanun xarici qüvvələrin maraqlarına xidmət edən radikalların “qara kabusudur”.
Bu gün Azərbaycanda digər müstəqil və demokratik ölkələrə xas olan bütün atributlar vardır. Təkcə iqtisadi potensial deyil, həm də möhkəm demokratik əsasların yaranmasında maraqlı olan ,dayanıqlı inkişafa, ictimai-siyasi sabitliyə malik olan ölkəmizdə, bunun başlıca səbəbi xalq-iqtidar birliyidir. Bütün bu sadalanan elementlər Azərbaycanın uğurlu gələcəyinin əsas göstəricisidir.