Bu gün bütün Avrasiya üçün önəmli amilə çevrilmiş Türkiyə-Azərbaycan birliyi yaranmışdır
Səadət Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan dövləti öz xarici siyasətində bütün dövlətlərlə, eləcə də region dövlətləri ilə əməkdaşlıq prinsipi əsasında münasibət formalaşdırmağa önəm vermişdir. Türkiyə- Azərbaycan arasında mövcud olan əlaqələr isə vətənimiz üçün hər zaman daha böyük əhəmiyyət daşımış və bu özünü ictimai-siyasi proseslərin gedişində aydın şəkildə biruzə vermişdir. Ortaq köklərə, tarixi bağlılığa, yaxın mədəniyyətə malik olmaları bu iki dövlətin əməkdaşlıq müstəvisində asan ünsiyyət qurmasına zəmin olmuşdur. Nəticədə bu gün bütün Avrasiya üçün önəmli amilə çevrilmiş Türkiyə-Azərbaycan birliyi yaranmışdır. Türkiyə dövlətinin qüdrətinin artması və dünya səviyyəsində hesablaşılan bir mövqeyinin varlığı bizim üçün də müsbət anlam daşıyır.
Heç təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti dəfə ölkə başçısı seçildikdən sonra ilk səfərini məhz Türkiyəyə etmişdir. Azərbaycan üçün son dərəcə vacib vaxtda dəstəyini nümayiş etdirən, ərazi bütövlüyünün təmin olunması uğrunda aparılan mübarizədə hər zaman dövlətimizin yanında olan qardaş ölkənin bundan sonrakı dövrdə də əməkdaşlığın yeni və daha yüksək mərhələyə çatdırılmasında maraqlı olması bizi sevindirir. 44 günlük müharibə dövründə hərbi əməliyyatların ilk saatlarından başlayaraq haqlı mübarizəmizdə bizə əminlik və ruh yüksəkliyi verən qəti açıqlamaları Türkiyənin Azərbaycana olan dost və qardaş münasibətinin ən böyük nümunələrindən biri idi. Dünyanın bəzi güc mərkəzlərinin ədalət naminə apardığımız mücadiləyə kölgə salmağa meylləndiyi bir vaxtda bu dəstək misilsiz idi.
Bu gün Azərbaycan suveren hüquqlarını bərpa etmiş, bütün ərzilərinə tam nəzarəti əldə etmiş və öz iradəsini lazımi səviyyədə təmin etmiş bir dövlətdir. Regionda sülhün və birgə inkişafın tərəfadarı olan Azərbaycanın bundan sonrakı hədəfi yalnız inkişaf və rifahdır. Bu məqsədlə Türkiyə ilə olan münasibətlərin də daha geniş iqtisadi müstəvidə inkişaf etdirilməsi ölkəmizin marağındadır.
Nəqliyyat və enerji sahəsindəki layihələrin təkcə ölkələrimiz arasında deyil sərhədlərimizdən uzaqlarda da böyük önəmə malik olması danılmazdır. Nəzərə alsaq ki, bu gün dünya gündəmində ən çox diqqət mərkəzində saxlanılan məsələlərdən biri də məhz nəqliyyat və enerji təhlükəsizliyi məsələsidir, o zaman inamla demək olar ki, bu sahədəki inkişaf ticarət dövriyyəsində də öz müsbət nəticələrini çox gözlətməyəcəkdir.
Hazırda Azərbaycan-Türkiyə arasındakı ticarət dövriyyəsi 7.5 milyard dollarla ölçülür. Bu rəqəmin artacağı istisna deyil. Azərbaycandan Türkiyə vasitəsilə Avropaya ötürülən təbii qazın qitənin bir çox ölkələri üçün önəm daşıması da diqqətəlayiq məqamdır. Bu o deməkdir ki, Türkiyə-Azərbaycan münasibətlərinin və qarşılıqlı əməkdaşlığının müsbət nəticələri dünyanın digər ölkələrinə də mənfəət gətirir.
Onu da qeyd etmək yerinə düşər ki, irimiqyaslı iqtisadi layihələrin gerçəkləşməsi üçün sabit siyasi və hərbi vəziyyətin təmin olunması şərtdir. Dövlət sərhədlərinin lazımi şəkildə müdafiəsi isə hərbi sahəyə diqqəti labüd edir. Bu gün dünyanın ən güclü ordularından olan Türkiyə silahlı qüvvələri ilə qarşılıqlı təcrübə mübadiləsinin təşkil olunması da bu mənada önəmlidir. Azərbaycanın Türkiyə ilə əməkdaşlığı müdafiə sənayesi istiqamətində də yeni üfüqlər açır. Ölkənin müdafiə qüdrətinin artırılması yolunda həyata keçirilməsi planlaşdırırlan fəaliyyətlər vətənimizin sərhədlərini toxunulmaz edəcəkdir.
Bütün sahələrdə əməkdaşlığı inamla irəlilədən Türkiyə-Azərbayacan dostluğu təhsil sahəsində də yeni mərhələyə qədəm qoyur. Yaxın zamanda yaradılması nəzərdə tutulan Türkiyə-Azərbaycan Universiteti birliyimizin növbəti rəmzi olacaqdır.
Bütün türk dövlətləri üçün dostluğun və birliyin ən gözəl nümunəsini nümayiş etdirən Türkiyə və Azərbaycan münasibətləri öz inkişafını türk dövlətləri birliyinin təşkilində və inkişafında da göstərməkdədir. Şübhə yoxdur ki, bu dostluq və qardaşlıq hər zaman sülhə, inkişafa və firavanlığa xidmət edəcəkdir.