Radikal müxalifət bu qərarı ilə tarixi hədəflərimizi, milli maraqlarımızı boykot edir

Radikal müxalifət bu qərarı ilə tarixi hədəflərimizi, milli maraqlarımızı boykot edir

Ənvər Haqverdiyev

İctimai fəal

Siyasət yarışdır, nəticə isə mükafat. Əgər yarışmırsansa, qalib də ola bilməzsən. Amma oyuna çıxmayanlar avtomatik texniki məğlubiyyət alırlar. Artıq uzun zamandır Azərbaycanda radikal müxalifət qanadının nümayəndələri özlərini siyasi hərakatdan daha çox xüsusi bir sifarişi yerinə yetirən podratçı şirkət kimi aparırlar. 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərinin əhəmiyyətinə, milli maraqların təzahürü olması məqamlarına toxunmadan onu deyim ki, seçki siyasi partiyaların həyatda qalmaları üçün yeganə şərtdir. Xalq ya səni seçir sən hakimiyyətdə təmsil olunursan, ya da daha az səs verir müxalifətdə qalırsan, hakimiyyətin potensial rəqibi olaraq siyasi həyatına davam edirsən. Müxalifətçiliyin də öz təbiət qanunları vardır ki, onlara əməl etməlisən. Yoxsa siyasi arenadan silinmək ehtimalı qaçılmazdır.

Siyasi partiyalar seçki bitdiyi andan etibarən növbəti seçki haqqında düşünməli, vaxtaşırı rəy yoxlaması aparmalı, cəmiyyətdə nüfuzlu namizədlərin axtarılıb meydana çıxarılmasına çalışmalıdır. Belə olmadığı təqdirdə nəinki seçkilərdə qalib gəlmək, iştirak etmək belə ciddi müşkülə çevrilir. Seçkidə qalibiyyət vacib şərt olsa da, seçkilərdə iştirak etmək də qalib gəlmək qədər əhəmiyyətli məsələdir. 7 fevral 2024-cü il növbədənkənar prezident seçkiləri xüsusi əhəmiyyətə malik tarixi hadisədir. Nəticəsindən asılı olmayaraq tarixdə ilk dəfə Azərbaycan Respublikasının bütün ərazilərində baş tutacaq bu əlamətdar hadisədə iştirak etmək özü böyük fəxarətdir.

Cəmiyyətin hər bir üzvü bilir ki, 7 fevral 2024-cü il növbədənkənar prezident seçkiləri sağlam rəqabət mühitində keçəcək və bu prosesdə istər seçən, istərsə də seçilən kimi iştirak etmək çox vacib amildir. Biz müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə suveren və ərazi bütövlüyü tam təmin olunmuş bir ölkədə seçkilər keçirəcəyik. Xankəndində, Xocalıda, Ağdərədə, Xocavəndə, Şuşada, Ağdamda və digər işğaldan azad olunan ərazilərdə Azərbaycan dövləti öz suveren hüquqlarından birini və ən əsas birini həyata keçirəcək. Bu prosesi boykot edərlərmi? Bu prosesi kimlər boykot edir? Bu prosesi boykot edənlərin siyasi gələcəyi necə olar? Və nəhayət radika müxalifətin “boykot” qərarının altında yatan əsas səbəblər nələrdir? Bu suallar seçkilər yaxınlaşdıqca hər bir seçicini düşündürəcək.

Sovetlər Birliyi yeni dağılmışdı və onun tərkibindən az qala ən son çıxan Azərbaycan olmuşdu. Ulu Öndər Heydər Əliyev Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin atributlarını yenidən bir-bir canlandırarkən Bakıda və Azərbaycanın digər ərazilərində hakimiyyət davaları gedirdi. Dövlətçiliyi öz şəxsi maraqlarına və ambisiyalarına qurban verənlər nəticədə torpaqlarımızın 20 faizinin işğal olunmasına, təxminən 1 milyon əhalinin məcburi köçkünə çevrilməsinə səbəb olmuşdur. Bu gün isə Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi altında öz torpaqlarını azad edib, xəyalları gerçək olub, hətta Xankəndində futbol bayramı yaşanmaqdadır. İndi özlərini müxalifət adlandıran, əslində isə pozucu olan radikal ünsürlərin seçkidən qaçmaqdan başqa yolları da qalmır. Yaxşı bilirlər ki, yolun sonunda məğlubiyyət qaçılmazdır. Təsəvvür edin ki, 3 il əvvəl torpaqlar azad olunmadan öncə bu adamlar cənab İlham Əliyevlə siyasi mübarizə apara bilmirdilər. İndi hərbi, siyasi və diplomatik zəfərlər əldə olunandan sonramı Əli Kərimli və onun pozucu dəstəsi İlham Əliyevlə yarışacaq?! Əlbəttə, bu ritorik sualın konkret cavabını AXCP-Müsavat cütlüyü hamıdan yaxşı bilir. Elə o səbəbdən də seçkiyə getmir.

Əslində hərkəsin diqqətdən qaçırdığı bir neçə məqam daha var. Beləki seçkilərdə qələbə qazanmaq bir başqa məsələdir. Lakin iştirak etməyin özü üçün belə bir sosial bazaya malik olmalısan. Kifayət qədər siyasi proseslərin içində aktiv iştirak edən bir nəfər kimi deyə bilərəm ki, namizəd irəli sürmüş siyasi partiya, blok və hərakata ciddi insan dəstəyi lazımdır ki, prosesi izləyə və uğurla başa çatdıra bilsin. Seçki dairələrinin, məntəqələrinin üzvləri, katibləri, sədrləri, məşvərətçilər, müşahidəçilər və sair. Əlbəttə, onların hansı qaydada seçilməsi, fəaliyyəti qanunla müəyyən edilib. Lakin bütün hallarda ölkə üzrə bunu təmin etmək AXCP-Müsavat cütlüyünün siyasi və sosial bazasının çox-çox üzərində olan bir saydır. Eyni zamanda da siyasi partiyaların seçki prosesində işi böyük məsuliyyət tələb edir. Çoxşaxəli və çoxtərəfli iş qurulmalıdır ki, radikal müxalifət ünsürlərinin belə böyük əziyyətlərə qatlanmaq arzuları olduğunu düşünmürəm. Onlar ən rahat üsulla pul qazanmaq üçün müxtəlif yollar axtarırlar.

Əlbəttə, fərdi müraciət edə bilərlər amma bu adamların adlarının qarşısında partiya sədri yazılıb. Əslində isə yeni siyasi partiyalar haqqında qanun bu kəslərin bütün yalanlarını bir-bir ortaya tökdü. 5000 nəfər üzv tapmaqda acizlik çəkən yalançı bir siyasi qurum necə prezidentliyə namizəd irəli sürsün ki? Əldə etdiyim məlumata görə Müsavat partiyası çox çətinliklə lazım olan sayda legitim imzanı tamamlaya bilmişdir. AXCP isə hələ də yerində sayır.

“Boykot” qərarının arxasında gizlənən növbəti açizlik üçün səbəb prezidentlik üçün namizədliyini irəli sürən şəxsin imza toplama ilə bağlı həyata keçirməli olduğu prosedurdur. Beləki, qanunda təsbit olunub ki, Prezidentliyə namizədin müdafiəsi ücün ölkə üzrə 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 və ümumilikdə 40 mindən az olmayan sayda seçici imzası toplanılmalıdır. İndi, belə bir sual meydana çıxır. Radikal müxalifətin 40 min elektoratı varmı? Onlara 40 min imza verən vətəndaş tapa biləcəklərmi? Sualın cavabı aydındır. Bu adamların bir stadionda keçirilən mitinqdə iştirakçı toplamağa 5000 nəfər belə adamı yoxdur. Məhz, bu səbəbdəndir ki, mitinqlərini ictimai hərəkətin çox olduğu yerlərdə keçirməyə çalışırlar. Bu yolla saylarını süni şəkildə çox göstərirlər.

Beləliklə yuxarıda seçki ilə bağlı bəzi aspektlərin və seçki gününə qədər baş verən proseslərin təhlilini sizlərə təqdim etdim. Seçkilər kifayət qədər sosial bazaya və insan resurslarına təlabatı olan bir prosesdir. Partiyalarını rəsmi qeydiyyata almaq üçün 5000 imza toplaya bilməyən Əli Kərimli prezident seçkiləri kimi ağır prosesə getməyə cəsarət edərmi?

Əli Kərimli və ətrafında olan kəslər özləri özlərini öz yalanlarına inandırıblar. Hər biri sosial şəbəkələrdə saxta profillərlə say artırdıqlarını, bir neçə səhifə ilə saxta səsvermə keçirdiklərini yaxşı bilsələr də, bu saxta sayları sosial baza olaraq görürlər və cəmiyyətə sırımağa çalışırlar. Əli Kərimli özünü baxış sayı az olan blogger kimi aparır. Kim onu dinləmir, izləmir və onunla razılaşmır onu düşmən elan edir.

AXCP-Müsavat cütlüyünün seçkilərdə iştirak edib-etməməsi heç nəyi dəyişməyəcək. Onların cəmiyyətə etdikləri boykot çağırışlarının heç bir qarşılığı yoxdur. Onlar yalnız növbədənkənar prezident seçkilərini deyil, Vətən müharibəsi zamanı ortaq bəyanata da qol çəkməyərək,  Əli Kərimli və Arif Hacılı Şuşaya siyasi partiyaların nümayəndələri ilə getməyərək və Azərbaycan xalqının şanlı zəfərinə kölgə salaraq da boykot etmişdilər. Radikal müxalifət tarixi hədəflərimizi, milli maraqlarımızı boykot edir. Bu, nəyi dəyişdi? Biz yolumuzdan dönmədik və indi də əldə olunmuş hərbi uğurların siyasi nəticələrə çevirilməsi yolunda iri addımlarla irəliləyirik. Bundan sonra da öz rəhbərimiz ətrafında irəliləməyə davam edəcəyik.

AXCP-Müsavatın cütlüyünün 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərində iştirak etməmək rüsvayçı məğlubiyyətdən xilas olmaq məqsədi daşıyır. Çünki cənab İlham Əliyevin xalq arasında, cəmiyyətdə nüfuzu haqlı olaraq həmişə yüksək olub. İndi isə o, həqiqi xalq qəhrəmanıdır. Uzun illər heç bir liderin həyata keçirə bilmədiyi böyük miqyaslı işləri möhtərəm Prezident həyata keçirə bilib. Bu səbəbdən də əgər siyasi arenadan bir dəfəlik silinib getmək istəmirlərsə, o zaman Əli Kərimli və radikal müxalifət seçkilərdə seçilmək deyil də, seçmək hüququndan istifadə edərək cənab İlham Əliyevi dəstəkləyə bilərlər. Bax, bu, tarixi və ən doğru qərar olardı. Bəlkə, o zaman siyasət səhnəsindən silinməzdilər. İndi isə onların yeri siyasətin arxiv otağında tozlu rəflərin biridir.