Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə, faciə baş verən bölgəyə yollanılmışdır

Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə, faciə baş verən bölgəyə yollanılmışdır

Rəna Abutalıbova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı Rayonu 23 saylı bağça körpələr evinin müdiri

06.02.2023-cü il tarixdə saat 04:17 radələrində Türkiyənin təqribən 10 bölgəsini əhatə edən mərkəzi episentri Kahramanmaraş bölgəsinin Pazarcıq rayonunda 7.7-7.8 maqnitudalı dəhşətli zəlzələ baş vermişdir. Zəlzələ nəticəsində ümumilikdə 12 141 bina və 66 058 qeyri-yaşayış sahəsi dağılıb və ya ağır zərər görmüş vəziyyətdədir, minlərlə insan təbiət faciəsinin qurbanı olmuşdur.

Hadisə baş verən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlamışdır. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi etmişdir. Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirmişdir. Zəlzələdə həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırmış, yaralananların tezliklə şəfa tapmasını diləmişdir.

Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi instaqram səhifəsində Türkiyədə baş vermiş zəlzələ ilə bağlı paylaşım etmiş, hadisə qurbanlarına rəhmət, yaralananlara isə Allahdan şəfa diləmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı vermişdir.

Zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Prezident İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 420 nəfərlik xilasedici heyəti müvafiq avadanlıqlar və axtarış itləri ilə bərabər hadisə günü Türkiyəyə yola salınmışdır. Zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyəti də Türkiyəyə yollanılmışdır. Bundan başqa, 10 hərbi həkim, 8 tibb bacısı olmaqla Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə, faciə baş verən bölgəyə yollanılmışdır.

8 fevral 2023-cü il tarixində FHN-in 229 nəfərlik şəxsi heyət, xilasetmə avadanlıqları və FHN-in şəxsi heyəti üçün təminat vasitələri, o cümlədən 29 nəfərlik şəxsi heyət, 4 səhra mətbəxi humanitar yardımı 14 yük avtomobilindən ibarət karvan ilə yollanılmışdır. Ümumilikdə, faciə baş verdiyi dövrdən bu günə kimi FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilmişdir. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir.Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin, modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və s., habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir.

Heydər Əliyev Fondu bütün imkanları ilə bu yardım kampaniyasına qoşulmuşdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə ilə 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı dövlətimizlə bərabər, bütün xalq qardaş Türkiyə xalqı üçün səfərbər olmuşdur. Azərbaycandan Türkiyəyə göndərilən yardımların ardı-arası kəsilmir. Göndərilən yardımlar içərisində yeni geyimlər, yorğan-döşək, təmizlik və gigiyena məhsulları, powerbanklar, generatorlar, qida və qeyri-qida məhsulları təşkil edir.