YAP Suraxanı rayon təşkilatının nümayəndələri Müdafiə Nazirliyinin təşkil etdiyi tədbirdə iştirak etmişlər
Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə H.Aslanov adına Mərkəzi Zabitlər evində Suraxanı rayonu Bülbülə qəsəbəsi sakinləri olmuş Vətən müharibəsi şəhidləri əsgər (MAHHXHQ) Orucov Səbuhi Vahid oğlunun, əsgər Əsədov Səbuhi Azər oğlunun və əsgər Fərzullazadə Mehdi Zaman oğlunun anım mərasimləri keçirilib. Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, döyüş yoldaşları iştirak ediblər. Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarxlar təqdim olunub.
Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, Vətən Müharibəsi müasir müharibələr tarixində özünə məxsus unikal yerə malikdir. Təşkilat sədri digər şəhidlərlə yanaşı Müdafiə Nazriliyinin təşkil etdiyi tədbirin Suraxanı rayonu sakini olmuş üç şəhidə də həsr olunmasını yüksək qiymətlədirib. Vüqar Seyidov xüsusi qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın həssas təbəqədən olan vətəndaşlara doğma münasibəti bütün cəmiyyətimiz üçün örnək təşkil etməkdədir. Vüqar Seyidov əlavə etmişdir ki, canlarını vətənə qurban vermiş qəhrəman oğulların cəmiyyətdə təbliği vacib amildir. YAP rəsmisi ötən bir il ərzində hər zaman YAP Suraxanı rayon təşkilatının bütün şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərdiyini və bunun bir vətəndaşlıq borcu olduğunu vurğulamışdır.
Daha sonra çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun qazandığı parlaq Zəfərin tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının qəhrəmanlığından, igidliyindən danışıblar. Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.