31 mart soyqırımı xalqımızın böyük faciəsidir. Bu faciə bizim qan yaddaşımıza yazılıb.

31 mart soyqırımı xalqımızın böyük faciəsidir. Bu faciə bizim qan yaddaşımıza yazılıb.

Arzu Hüseynova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir.Uzun illər gizli saxlanılan,üzərinə qadağa qoyulmuş həqiqətlər açılır,təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır,yeni faktlar üzə çıxarılır.

Belə faktlar Azərbaycanımızın tarixində bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımlar, müsibətlərə dolu səhifələrində olduğunu aşkar edir. Alnımıza yazılan belə dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yenə ermənilər tərəfindən həyata keçirildi.

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri Azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən soyqırımı nəticəsində 12 minə yaxın Azərbaycanlı qətlə yetirilib,on minlərlə insan itkin düşüb.

1918 ci ilin mart ayından etibarən Bakı komunası tərəfindən əks inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Quberniyasının azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb. Sovet Rusiyasına arxalanan erməni daşnakları öz liderləri Şaumyanın, Saakyanın və digərlərinin rəhbərliyi ilə tarixdə azərbaycanlılara qarşı daha bir dəhşəti yaşatmışlar.İlk həyəcanlı xəbərlər Şamaxı şəhərindən gəlməyə başlayıb. Şahidlərin yazdıqlarına görə yaxşı silahlanmış ermənilər insanlığa yaraşmayan vəhşiliklər törədir, evlərə soxulur, talançılıq edir, uşağa, qocaya, qadına aman vermir, hamısını güllədən keçirirdilər.

Ermənilər başladıqları qətlianı mart ayının sonunda Bakıda və Bakı ətrafı kəndlərdə eyni amansızlıqla davam etdirmişlər. Bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları,dünya memarlığının incilərindən sayılan İsmailliyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə almışdır. Zəngəzurda, İrəvan quberniyasında minlərlə insanı (qadın, uşaq, qoca) amansızlıqla qətlə yetirmiş,kəndləri yandırmışdılar. Eyni hadisələri Qubada, Gəncədə, Lənkəranda və digər bölgələrdə eyni qəddarlıqla həyata keçirmişlər.

Son dövrdə Qubada mart hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətillərini aşkarlayan faktlar üzə çıxarılıb. 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilmişdir. Bu erməni vandalizminin bariz nümunəsidir.

Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə kütləvi məzarlığın yaxınlığında "Quba Soyqırımı memorial kompleksi" inşa edildi.

31 mart soyqırımı xalqımızın böyük faciəsidir. Bu faciə bizim qan yaddaşımıza yazılıb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.

1998-ci il martın 26-sında Prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Onu da qeyd edək ki, beynəlxalq miqyasda bu soyqırıma hələ də hüquqi qiymət verilməyib.