Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrcə deportasiyaya məruz qalmış toplumdur

Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrcə deportasiyaya məruz qalmış toplumdur

Dilşad Hacıyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı Tibb Mərkəzinin 3 nömrəli doğum evinin neonatoloqu

XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarından sıxışdırılması proseslərinə başlanıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib.

1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilib, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail olublar.

Erməni millətçiləri tərəfindən Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar azərbaycanlılara qarşı siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradıb. Ermənilərin sovet rejiminin imkanlarından istifadə edərkən həyata keçirdiyi antiazərbaycan təbliğatı 1980-cı illərin ortalarında daha da güclənib. 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından- indi Ermənistan adlanan ərazilərdən növbəti  dəfə deportasiyası baş verib, nəticədə 250 min azərbaycanlı qaçqın düşüb.

Bu hadisəyə, o cümlədən, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə Azərbaycan xalqının etirazı ona qarşı 1990-cı ilin  yanvarında Sovet qoşunlarının yeridilməsinə, Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında kütləvi qırğınlara səbəb olub. Azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası başa çatdıqdan sonra erməni millətçiləri Dağlıq Qarabağda azərbaycanlıların etnik təmizlənməsinin, soyqırımın növbəti mərhələsinə başlayıb və Azərbaycan Respublikasının 20 faiz torpaqları Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yarandığını bəyan edib. Əfsuslar olsun ki, 1918-ci ildə gənc Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana demək olar ki, bağışladığı bütün sənədlər var. Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də o idi ki, İrəvan paytaxt kimi Ermənistana verilsin. Baxmayaraq ki, o vaxt İrəvanda əhalinin əksəriyyəti azərbaycanlılar idi. Bu böyük səhv idi.

Bu o vaxt gənc Azərbaycan dövlətini erməni təxribatlarından qorumadı. Bəlkə də buna ümid edirdilər. Biz demək olar ki, İrəvanı o vaxt itirdik. Amma görürük ki, ermənilərin iddiaları azalmır. Dövlət başçısı bildirib ki, azərbaycanlılar öz tarixi torpaqlarını unutmamalıdır. Hazırda “Qərbi Azərbaycan İcması”nda bununla bağlı siyahıya alma işləri həyata keçirilir. Bu rəqəmin böyük həcmdə artacağı güman olunur.

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli demişdir: “Biz öz tarixi yurdlarımıza, dədə-baba ocaqlarımıza mütləq qayıdacağıq. Bu bizim tarixi-mənəvi və insani haqqımızdır. Burda qeyri-qanuni heç nə yoxdur, insanlar öz doğma evlərinə qayıtmaq, öz evlərində yaşamaq istəyirlər. Bunu heç kimə qadağan etmək olmaz. Bu yolda mümkün olan hər şeyi edəcəyik. Qayıdış və sülh içində birgəyaşayış mümkündürmü?- Əslində mümkündür. Lakin tarixi təcrübə göstərir ki, psixoloji cəhətdən xəstə olan bir toplum – ermənilər heç vaxt, heç bir dövrdə öz qonşuları ilə dinc yanaşı yaşamaq iqtidarında deyillər”.