Quba qırğınları

Quba qırğınları
Nuranə Hüseynova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin direktor müavini
1905-1907-ci illərdə ermənilər ən dəhşətli vəhşilikləri və işgəncələri Qubada törətmişlər. Quba şimal qapısı və müdafiə baxımından mühüm strateji əhəmiyyətli mərkəzlərindən biridir. Bu gün olduğu kimi, ötən əsrin əvvəllərində də Quba hərbi qüvvələri Bakı ətrafında dislokasiya etməyə əlverişli imkanlara malik region kimi ermənilərin diqqətini özünə cəlb etmişdir.
Daşnaksütyun partiyasının üzvlərinin, eləcə də onları yaxından himayə edib dəstəkləyən imperiya hökumətindəki ermənipərəst qüvvələrin erməni millətçiləri ilə iş birliyində iki mühüm məqsəd güdülürdü. Birincisi, Rusiyada baş verən hadisələrin axarında ya Zaqafqaziya ölkələri torpaqlarında qüdrətli erməni dövləti yaratmaq, ikincisi, bu, baş tutmazsa, Azərbaycanda erməni dövlətini bərqərar etmək. Bu müdhiş proqramın həmmüəlliflərindən olan ermənilər onları dəstəkləyənlərin yardımı ilə 1903-cü ildən Qubadakı mühüm inzibati-idarəçilik aparatında, sənaye və ticarət mərkəzlərində, hüquq-mühafizə orqanlarında erməniləri oturtmağa, Bakıdakı hadisələrə dəstək verə biləcək təxribatçıları, hərbi sursatı və canlı hərbi qüvvələri Qusar polkunda yerləşdirməklə özlərinin cəbhələrini yaratmağa başladılar. Yəni, Quba qəzasında da hadisələr Azərbaycanın digər bölgələrində - Bakıda, Gəncədə, Naxçıvanda, Qazaxda, Qarabağda və başqa yerlərdə olduğu kimi, eyni istiqamətdə davam edirdi.
Mənbələrdən verilən məlumata görə ermənilər 1905-ci ilin avqust-sentyabr aylarında 133 nəfəri qətlə yetirmiş, Amsar, Alıc, Alpan və Çiçi kəndlərində 25 evə od vurub yandırmış, 17 körpəni, 39 qadın və qocanı müxtəlif kəndlərin su quyularına töküb üstünü torpaqlamışdılar. Bütün bu vəhşiliklər yerlərdə azərbaycanlıların əks-hücumu ilə nəticələnmişdi. Avqustun 16-dan 1907-ci ilin dekabrına qədər davam edən toqquşmalarda nə qədər insanlar həlak olmuş, evlər, mülklər yandırılmış, camaatın var-dövləti talan edilmişdi. Şəhərə yeni təyin edilmiş polismeyster, mayor Abdulla Əhmədovun Bakı general-qubernatoruna imzaladığı raportda deyilirdi ki, Quba camaatının qəhrəman müqaviməti nəticəsində regionda sakitlik bərpa edilmişdi. Qusar polkunun əsgərləri kimi özlərini təqdim edən ermənilər tutulub cəzalandırılmışdır. 1905-1906-cı illər qırğınları zamanı ermənilər öz istəklərinə qismən nail oldular.
​1918 – ci il Quba qırğınları zamanı isə şəhərdə öldürülənlərin sayı 2900- a dək, Quba qəzası üzrə ümumilikdə 4000 nəfərdən artıq olduğu qeyd edilir. Bu soyqrım nəticəsində Qubanın 122 kəndi tamamilə dağıdılmış, 2750 dən çox ev yandırılmışdır. Quba qəzası 1918-ci ilin qanlı mart hadisələrindən sonra bolşevik-daşnak qüvvələrinin Bakı və Şamaxı qəzalarında qurduqları hakimiyyəti genişləndirmək istədikləri üçüncü region idi.