Azərbaycan Albaniyada investor kimi çıxış edə bilər

Azərbaycan Albaniyada investor kimi çıxış edə bilər
Suraxanı rayonu Bülbülə bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Cari ilin noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasına səfər edib. Bu səfər Prezident İlham Əliyevin Albaniyaya ilk səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

Ölkələrimiz arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. 2016-2019-cu illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı forumlarına bir qayda olaraq Albaniya Respublikasının Prezidenti, həmçinin Mərkəzin fəaliyyətində fəal iştirak edən keçmiş prezidentləri qatılıblar.

Qeyd edək ki, Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Bu münasibətlərin 30-cu ildönümü ilə əlaqədar gələn il Albaniyada “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır. İki ölkə arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Albaniya prezidentləri ölkəmizə 5 işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər. 2022-ci il aprelin 14-də Azərbaycana rəsmi səfər edən Albaniyanın Baş naziri Edi Rama Bakıda olarkən deyib: “Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək”. Baş nazir, həmçinin əlavə edib: “Biz sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq.”

Prezident İlham Əliyev Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ müharibəsində də Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib və vurğulayıb ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir. İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi.

Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan saxlayaraq bütün müsəlmanların hisslərinə toxunmuşlar. İndi azad edilmiş torpaqlarda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdıb və bu torpaqlara həyat qayıdır.

Enerji sahəsində əməkdaşlıq iqtisadi əlaqələrimizin əsas istiqamətlərindən olduğunu bildirən dövlət başçımız bildirmişdir: "Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır". Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər.