Qərb üçün Azərbaycansız Xəzər dənizi və Mərkəzi Asiyanın zəngin enerji resurslarına uzunmüddətli maneəsiz daxil olmaq mümkün deyil

Qərb üçün Azərbaycansız Xəzər dənizi və Mərkəzi Asiyanın zəngin enerji resurslarına uzunmüddətli maneəsiz daxil olmaq mümkün deyil

Nəzakət Həmzəyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 101 nömrəli tam orta məktəbin müəlliməsi

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. kimi müxtəlif çərçivələrdə inkişaf etdirmişdir.

Azərbaycan uğurlu xarici siyasəti nəticəsində bütün ölkələrlə, güc mərkəzləri ilə səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qurub və zaman keçdikcə əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin daxili işinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik və çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu aktorlarından birinə çevrilib. Respublikamız ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirməklə yanaşı, etibarlı tərəfdaş kimi regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir. Eyni zamanda, ölkəmizin regional və beynəlxalq təşkilatlarla çoxşaxəli səmərəli əlaqələrinin inkişafı, əməkdaşlığının dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Şübhəsiz ki, respublikamızın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı bu baxımdan xüsusi qeyd edilməlidir. Təbii ki, Azərbaycanın strateji mövqeyi, fəal və uğurlu xarici siyasəti də Avropa İttifaqına üzv dövlətlərin ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməsində mühüm rol oynayır. Bunun nəticəsidir ki, Avropa İttifaqı ilə əlaqələr müxtəlif sahələ yüksələn xətlə inkişaf edir. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin yüksələn xətlə inkişafı keçilən yola bir daha nəzər salmağı bir tələb kimi qarşıya qoyur. Qurumun tarixi Zəfərimizdən sonra bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində göstərdiyi səylərdən, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin üç dəfə keçirilən görüşündən, bir sözlə, hazırda qurumun vasitəçiliyini neytrallığı qorumaq şərti ilə həyata keçirməsindən bəhs etmədən öncə enerji sahəsində əməkdaşlığımızın dünəninə nəzər yetirmək zərurəti yaranır.

Avropa İttifaqı hər zaman Azərbaycanın iştirakçısı və təşəbbüskarı olduğu, dünyanın enerji xəritəsini yenidən tərtib edən layihələrini dəstəkləyir və onların uğurlu sonluqla başa çatmasına öz töhfəsini verməyə səy göstərir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir. Prezident Avropa Komissiyası ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayır. Azərbaycan daim Avropa Komissiyası ilə təmasdadır. Avropa İttifaqı və Azərbaycan arasında enerji dialoqu yaradılıb. Bura neft və qaz kimi ənənəvi sahələr, həmçinin elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliliyi məsələləri də daxildir.

Azərbaycanın regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəni Aİ üçün cəlbedici edən faktorlardır. Qərb üçün Xəzər dənizi və Mərkəzi Asiyanın zəngin enerji resurslarına uzunmüddətli maneəsiz daxil olmaq Azərbaycansız mümkün deyil. Cənubi Qafqazda bir sıra xarici qüvvələrin, ölkələrin maraqlarının toqquşmasına və bu regionda münaqişələrin mövcud olmasına baxmayaraq, Azərbaycan müstəqil xarici siyasət kursunu saxlamağa müvəffəq olmuşdur. Bu isə Azərbaycana Aİ ölkələri ilə münasibətləri ölkənin milli maraqları əsasında qurmağa imkan yaradır.

İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalayıblar. Tərəflər bu sənədin perspektivlərindən bəhs edərək onun əlaqələrin inkişafına böyük töhfələr verəcəyinə əminliklərini ifadə ediblər. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında “Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir” söyləyərək Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlığın böyük nailiyyət olduğunu qeyd etdi.

İmzalanan mühüm sənəddə əsas məqamlardan birinin bərpaolunan enerji ilə bağlıdır. Bu gün qürur hissi ilə işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən bəhs edirik. Həmçinin tarixi Zəfərimizin reallıqlarının qəbulu fonunda dövlətimizin başçısı İlham Əliyevin Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsünün aparılmasını, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasını da qeyd etməliyik.