Qubadlının azad edilməsi böyük strateji üstünlüyü təmin etdi
Gülnar Məhərrəmova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin direktor müavini
2023-cü il iyulun 31 -də Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Qubadlı şəhərinin Ermənistan Silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Artıq Qubadlı şəhərinin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür. Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
Qubadlı 1993-cü ilin avqustun 31-də Ermənistan tərəfindən tamamilə işğal olunub. 1988-ci ildən başlayaraq Ermənistan Qubadlıya müxtəlif istiqamətlərdən təcavüzkar hücumlar başladıb. Bu hücumlar nəticəsində dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirib. Ermənilər işğal müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbirstanlıqlara eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.
Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev Qubadlı döyüşləri barədə danışarkən deyib: “Ermənistan ərazisindən bizə atəş açılırdı. Nəzərə alsaq ki, Azərbaycan Ermənistan ərazisinə keçmək fikrində deyildi və mən bunu müharibə zamanı dəfələrlə bildirmişəm. Onlar hesab edirdilər ki, bu imkanlardan istifadə edib, bizim hücumumuzun qarşısın ala bilərlər. Buradan, Qubadlı şəhərindən Ermənistan sərhədinə, bax o istiqamətdən 5 kilometr məsafədir.Həm oradan ağır artilleriya ilə, həm də bu yüksəkliklərdən müxtəlif növ silahlardan istifadə edərək bizim əsgərlərimizi, hərbçilərimizi atəşi tutmuşlar. Ona görə də Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib.”
Qubadlının azad edilməsi böyük strateji üstünlüyü təmin etdi. Ona görə də, Qubadldan sonra növbəti istiqamət Laçın rayonu idi. Ordumuz Laçın rayonunun cənub hissəsində yerləşən kəndləri azad etdikdən, strateji yüksəkliklər ələ keçirdikdən sonra Laçın dəhlizi nəzarətə götürülür. Qubadlıdan sonra isə Şuşa şəhəri işğaldan azad edildi.
Prezident Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun həyat və döyüş yolunun gənclər üçün nümunə olduğunu vurğuladı. Allah bütün şəhidlərimizə rəhmət eləsin Şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, indiki nəsil və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcək.