Qubadlı şəhərinin azad olunmasından 4 il ötür

Qubadlı şəhərinin azad olunmasından 4 il ötür
Rəfiqə Əzimova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbin müəllimi
Artıq 4 ildir ki, rəşadətli ordumuz tərəfindən Qubadlı şəhəri işğaldan azad olunub.2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Əks-hücum əməliyyatı ilə düşmən susdurulub və 44 gün ərzində 30 illik işğala son qoyulub. Oktyabrın 20-də Zəngilan azad olunduqdan sonra növbəti istiqamət Qubadlı olub. Burada ermənilər tərəfindən qurulmuş güclü istehkamlara, yüksəklikdə yerləşmiş hərbi birləşmələrə baxmayaraq, əməliyyat xüsusi peşəkarlıq və fədakarlıqla yerinə yetirilib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər, sonra ətrafdakı kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürülüb, strateji yüksəkliklər ələ keçirilib. Oktyabrın 25-də Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri şəhəri düşməndən təmizləyiblər.
Xatırladaq ki, Qarabağ münaqişəsi zamanı ilk silahlı hücuma məruz qalan ərazilərdən biri də Qubadlı olub. 1988-ci il noyabrın 24-də Ermənistan silahlı qüvvələrinin Eyvazlı kəndinə hücumu zamanı kənd tamamilə yandırılıb. Eyvazlının yaxınlığındakı Davudlu və Qədili kəndi də işğal edilib. Bununla da, İrəvan-Meğri şossesi Ermənistanın əlinə keçib. Qubadlının sərhəd kəndlərinə hücumların sayı 1989-1991-ci illərdə daha da artıb. 1992-ci ilin əvvəli də çətin keçib. Fevral ayında Qubadlının bombalanması nəticəsində 5 nəfər mülki sakin həlak olub, 20 nəfər yaralanıb. Şəhər 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, nəticədə rayondan otuz minə yaxın insan doğma torpaqlarından didərgin salınıb.
Məcburi köçkünlər respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilib. Qubadlının Hacılı kəndində mişar daşı yatağı, Əliquluuşağı, Qundanlı,Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı işğal müddətində düşmən tərəfindən istismar edilib.
Qubadlı işğalından sonra oktyabrın 26-da dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.
Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirib. Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb.. 2020-ci il noyabrın 26-da "Qubadlının azad olunmasına görə" medalı təsis edilib. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.
2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaldıb. Dövlət başçımız Qubadlıya səfəri zamanı bildirib: "Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı".