Qardaşlıq, Strateji Tərəfdaşlıq və Yeni Regional Reallıqların Gücləndirilməsi

Qardaşlıq, Strateji Tərəfdaşlıq və Yeni Regional Reallıqların Gücləndirilməsi

Könül Hüseynova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin direktoru

 2025-ci il iyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Xankəndində baş tutan zirvə görüşü, təkcə iki qardaş ölkə arasında diplomatik münasibətlərin deyil, bütövlükdə türk dünyasında strateji həmrəyliyin və yeni regional əməkdaşlıq modelinin bariz nümunəsinə çevrildi. Bu görüş, postmünaqişə dövründə Azərbaycanın beynəlxalq nüfuzunun artması, Özbəkistanın isə regionda sülhə və inkişaf naminə oynadığı rolun daha da güclənməsi baxımından əlamətdar hadisədir.

Azərbaycan və Özbəkistan xalqları tarixi, dini və mədəni cəhətdən ortaq köklərə malikdir. Sovet dövründən sonrakı mərhələdə ölkələrimiz bir-birinə daim dəstək vermiş, beynəlxalq müstəvidə suverenlik və ərazi bütövlüyü məsələlərində eyni mövqedən çıxış etmişlər. 2020-ci il Vətən Müharibəsindən sonra yaranan yeni geosiyasi reallıq fonunda Xankəndi görüşü, Azərbaycanın suverenliyini tanıyan qardaş ölkə rəhbərlərinin azad edilmiş torpaqlara səfəri ilə mühüm tarixi rəmzə çevrildi.

Prezident Mirziyoyevin səfəri zamanı Xankəndində həyata keçirilən bərpa və quruculuq işləri ilə tanış olması, Özbəkistanın bu prosesə verdiyi mənəvi və praktiki dəstəyi göstərdi. Xüsusilə Özbəkistanın Füzuli və digər rayonlarda sosial infrastrukturun bərpası üçün ayırdığı yardım və planlaşdırılan təhsil və mədəniyyət obyektlərinin inşası, dostluq əlaqələrinin real nümunəsidir.

Səfər çərçivəsində imzalanan sənədlərdən biri də “İnvestisiya Fondunun yaradılması və maliyyə əməkdaşlığının genişləndirilməsi” ilə bağlı idi. Bu fond vasitəsilə hər iki ölkə özəl sektorların inkişafına dəstək göstərəcək, kənd təsərrüfatı, enerji, nəqliyyat-logistika sahələrində birgə layihələr həyata keçiriləcək. Xüsusilə Transxəzər beynəlxalq nəqliyyat dəhlizi üzrə əməkdaşlıq, Orta Dəhlizin inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

Bakı şəhərində Özbəkistan parkının açılması və Özbəkistan səfirliyinin yeni binasının istifadəyə verilməsi iki ölkənin mədəni və diplomatik yaxınlığının bariz göstəricisidir. Bununla yanaşı, hər iki prezident türk dünyasının ortaq dəyərlərinin qorunması və yayılması, elm, təhsil və gənclər sahəsində mübadilə proqramlarının artırılması ilə bağlı razılıqlar əldə etmişdir.

Azərbaycan Respublikasının Prezidenti öz çıxışında söyləmişdir “Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir.

Əziz dostlar, əminəm ki, bugünkü müzakirələrimiz səmərəli olacaq və ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına öz müsbət töhfəsini verəcək.”

Azərbaycan və Özbəkistan prezidentlərinin Xankəndindəki görüşü, Türk Dövlətləri Təşkilatının üzvləri arasında həmrəyliyin nümunəsidir. Liderlər, regionda davamlı sülhün təmin edilməsi, separatizmə qarşı birgə mövqe, iqtisadi inteqrasiyanın gücləndirilməsi və beynəlxalq platformalarda ortaq çıxışların təşviqi məsələlərində razılığa gəldilər. Bu baxımdan Xankəndi görüşü, türk birliyinin siyasi reallığa çevrilməsi yolunda mühüm addım sayılır.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev öz çıxışının sonunda söyləmişdir “Əminəm ki, bugünkü Zirvə görüşü bizim məqsədlərimizə, planlarımıza nail olmaq işinə təkan verəcək, çoxtərəfli və praktiki əməkdaşlığımızı yeni səviyyəyə qaldıracaq.”

Həm Azərbaycan, həm də Özbəkistan mediasında bu görüşə verilən geniş yer, ictimaiyyətin hadisəni yüksək qiymətləndirməsi, xalqlar arasında olan qarşılıqlı sevgi və etimada əsaslanan münasibətlərin nə qədər güclü olduğunu göstərir. Analitiklər bu səfəri “türk dünyasının yeni siyasi platformasının formalaşması” kimi qiymətləndirirlər.

Azərbaycan və Özbəkistan prezidentlərinin Xankəndindəki görüşü, dostluq siyasətinin parlaq təzahürü olmaqla yanaşı, strateji tərəfdaşlığın yeni keyfiyyət mərhələsinə keçdiyini göstərdi. Bu görüş, regional əməkdaşlığın gücləndirilməsi, azad edilmiş ərazilərin bərpası, iqtisadi inteqrasiyanın genişləndirilməsi və türk dünyasının birliyinin dərinləşməsi baxımından tarixi əhəmiyyət daşıyır.

Azərbaycan və Özbəkistan xalqları arasında qardaşlıq telləri zamanla daha da möhkəmlənəcək və ortaq dəyərlər əsasında qurulan əməkdaşlıq, gələcək nəsillər üçün sabit və güclü bir türk coğrafiyası formalaşdıracaqdır.