Elburus Xəlilov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Hövsan bələdiyyəsinin sədri
Ötən əsrdə Qubadlı rayonu dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalıb. (1915, 1918, 1920) Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılıb, dinc əhaliyə divan tutulub. Bununla belə bütün çətinliklərə və azab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulublar. 1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlayıb, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilib. Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 30-31-də erməni təcavüzkarı qüvvələrinin işğalına məruz qaldı. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvalarından didərgin düşdü, respublikanın 2 şəhər və rayonunda məcburi köçkün kimi məskunlaşdılar.
Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyarın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün ilk növbədə yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi.
Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşən Qubadlı rayonunun işğaldan azad olunması böyük Qələbəni daha da yaxınlaşdırdı. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsi hesab edilir. Hər bir qarış torpağımızın azad edilməsi sözsüz ki, xalqımız üçün böyük qürur və iftixar hissi ilə qarşılanırdı. Tarixi ərazilərimizin düşmən tapdağından azad edilməsi uğrunda canını fəda etmiş oğullarımız bu gün böyük hörmət və ehtiramla yad edilir.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub. Azərbaycan xalqı bu unudulmaz tarixləri bayram günü kimi qeyd edir. Bu münasibətlə xalqımızı təbrik edirəm. Tarixi torpaqlarımızın işğaldan azad olunmasında canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm.