Qardaşlıq, həmrəylik və dəstək jesti
"Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri xalqlarımızın dostluq münasibətlərinin göstəricisidir. Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərinin məhz Azərbaycana etməsi əlamətdar haldır. Sözügedən fakt bizim qardaşlığımızın və dostluğumuzun ifadəsidir". Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, səfər çərçivəsində səmərəli görüşlər təşkil olundu. Görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu.
Deputatın sözlərinə görə, səfər çərçivəsində mühüm sənədlər imzalanıb. İmzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Bu sənədin imzalanması ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.
Prezidentlər iki ölkə arasında enerji sahəsində də səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu vurğulayıblar. Eləcə də, Nəqliyyat-logistika sahəsində yük axınının artmasını və bu istiqamətdə əməkdaşlıq potensialının genişlənməsini müşahidə edilir.
S.Fətəliyeva hesab edir ki, iki ölkə arasında əməkdaşlığın böyük tarixi əsasları mövcuddur. Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qardaşlıq dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik. Diqqət çəkən əsas məqamlardan biri də budur ki, ali qonaq işğaldan azad edilmiş Qarabağa da səfər edib. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Bu amil qardaşlıq, həmrəylik və dəstək jestidir. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq. Dövlət başçıları və birinci xanımlar həmin məktəbin açılışını etdilər və Füzulinin sakinləri ilə görüşdülər. Qarabağın incisi olan Şuşaya daha bir türk dövlətinin başçısının səfər etməsi, məşhur Cıdır düzünü ziyarət etməsi həqiqətən də qürurvericidir.
Bütövlükdə, Azərbaycan və Özbəkistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir və bu səfər də dövlətlərimiz arasında qardaşlıq münasibətlərinin göstəricisidir.