Qarabağın ağ günləri yaxındadır
Odlar yurdu-Azərbaycanın çox keşməkeşli, mübarizə dolu tarixi vardır. Zaman-zaman dövlətimizə qarşı yad baxışlar, xainliklər olmuş, amma hər dövrdə də bütün sınaqlardan alnı açıq, üzü ağ çıxmışıq. Səbrimiz, dözümümüz sınanıb, lakin nəticəmiz sonda qalib gəlmişik. Uca Tanrı hər zaman bu dövləti hər bir halda qoruyub. İstər yadelli işğalçılardan, istərsə də daxilimizdə olan bir qrup xainlərdən.
Azərbaycanın qonşusu, eyni zamanda da, əsas düşməni hər bir dövrdə mənfur ermənilər olmuşdur. O ermənilər ki, bu dövlətə qarşı iki yüz ildən artıq düşmənçilik siyasəti yürütmüşlər. Yeni doğulmuş körpələrinin belə qulağına “türk sənin düşmənindir!” deyib təlqin ediblər. Elə bunun nəticəsidir ki, zaman-zaman, keçən əsrdən, 1905, 1918, 1988, 1990, 1992 və bugünki dövrə qədər, rəsmi İrəvan ifrat millətçilik siyasətini irəli sürərək, “Böyük Ermənistan” xülyası ilə yaşadaraq istər bizim, istərsə də öz millətinin bu illər ərzində günahsız qanlarının axmasına səbəb olmuşlar.
Müharibə mənası ağır, qorxunc bir sözdür. Hər bir halda, insan, xüsusən də analar, müharibənin olmağını istəmirlər. Ermənistanın Azərbaycana qarşı olan haqsız müharibəsi nəticəsində torpaqlarımızın 20%-i işğal altında jdi.
Işğalla Azərbaycan dövləti və milləti- bizlər heç vaxt barışmadıq. Lakin, Dövlət Başçımıza, Ulu Öndər siyasətinə olan inamımız bizləri səbr etməyə və bu haqsızlığın sonunun bizim xeyirimizə nə vaxtsa nəticələnəcəyinə inamımızı qırmadı. Belə ki, otuz il ərzində, istər mərhum prezidentimiz Heydər Əliyev istərsə də onun layiqli davamçısı Prezident cənab İlham Əliyev qarşı tərəflə danışıqlar masasına çox əyləşdi. Biz bir millət və dövlət olaraq, beynəlxalq hüquqa inandıqca, qarşı tərəf min bir vəchlə, həmin hüququn normalarını pozdu. Hər dəfə də, özlərinin havadarları nəticəsində sudan quru çıxdılar. Uzun illər bizlər 26 fevral 1992-ci ilin Xocalı soyqırımını yad etdikcə, həmin gündə bir şəhərin günahsız sakinlərinin, Ermənistan ordusu tərəfindən vəhşicəsinə genosidə uğramasını və həmin genosidin hər il anım gününü dünya birliyi sadəcə bir film kimi seyr elədi.
Otuz il ərzində davam edən erməni təxribatlarının qarşısı, bizlər tərəfindən hər dəfə müvəffəqiyyətlə alındı. Zamanında mərhum Ulu Öndərlə bağlanmış atəşkəs müqaviləsini pozmamaqdan ötrü, Azərbaycan dövləti dinc yolla, danışıqlara gedərək, müharibə və itki verməmək naminə, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq istədi. Lakin qarşı tərəf növbəti dəfə 2016-cı ildə təxribat törədərkən, biz onlara, ordumuzun gücünü, göstərməli olduq!
Hər il Silahlı Qüvvələr Günü, hərbi paradda göstərilən texnikamız, güclü ordumuz artıq əməli işə keçdi. Rəsmi İrəvan bizim qalibiyyət əldə etdiyimiz Lələtəpə və Tovuz döyüşlərindən nəticə çıxarmadı. Belə ki, 2020-ci il 27 sentyabr tarixində növbəti hərbi təxribat etdi. Bu zamana qədər ordumuzun güclənməsi ilə bərabər səbri, dözümü ilə bərkiyən xalq, dövlətin başçısı, Ali Baş Komandanın ətrafında sıx birləşərək, dəmir yumruğa döndü və bu dəmir yumruq, nəticə etibarı ilə mənfur Ermənistanın başına endi. 44 gün ərzində, bir nəfəsə, dayanmadan, otuz illik həsrətin acısı ilə əsgərlərimiz əks-hücuma keçdilər və Azərbaycanın güclü ordusu olmasını sübuta yetirdilər.
44 günlük müharibə nəticəsində, Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan ordusu ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, eyni zamanda beynəlxalq hüququ bərpa etdi.
Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda vətən olur deyərlər. Bu vətəni vətən edən şəhidlərimizin qanıdır. Elə buna görə də biz analar, heç vaxt müharibə istəmirik! Müharibədə mütləq qazanmaq namin , itirdiklərimiz də olur. Bu günlər biz həmin şəhidlərin anım günlərini və ikinci ildönümünü qeyd edəcəyik. Lakin biz qürurluyuq, çünki Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan, ordumuz, şəhidlərimiz, qazilərimiz şanlı qalibiyyət tarixi yazdılar! Həmin şəhidlərimiz, öz canları və qanları bahasına, ömürlük Azərbaycan tarixinə düşdülər! Onlar bizim hər birimizin ürəyində, qəlbində doğmamıza çevrildi.
Bir ictimai fəal olaraq, hər hansısa bir idarənin, təşkilatın rəhbəri olaraq, biz şəhid ailələri ilə, ünsüyyət qurduqca, səmimi ortamda, onların hər biri, bizim əziz və yaxınlarımıza çevrilir. Bu mehribançılığı, səmimiyyəti, doğmalığı yaradan, bizim hər birimizə nümunə olan Prezident cənab İlham Əliyev və onun xanımı çox hörmətli Mehriban xanım Əliyevadır. Bu iki xalqın dayağının eyni zamanda işğaldan azad olunmuş torpaqların bərpasında, milli-mənəvi dəyərlərimizin qorunmasında, azad olunmuş torpaqlarda, bizim inanc yerimiz olan məscidlərimizə düşmən tərəfindən vurulan ləkələrin silinməsində, yarım qalmış, sökülmüş abidələrin yenidən bərpasında, böyük əməkləri var. Iki ali şəxsiyyətin çiyin-çiyinə çalışmasının, əməli işlərinin uğuru bu gün göz qabağındadır. İnanıram ki bu gün, Molla Pənah Vaqifin yeni bərpa olunmuş məqbərəsinə görə ruhu şaddır. Düşünürəm ki, səsi ilə bütün dünyanı fəth edən Bülbül öz ocağının, evinin, yurdunun işğalçılardan azad olunub yenidən bərpa olunmasına görə Prezidentimizə duaçı olardı!
Günlər, aylar keçəcək, Qarabağın adında olan illərin qara bəxti, Azərbaycanın uzaqgörən Müzəffər Ali Baş Komandanı tərəfindən ağ günlərlə əvəzlənəcək!