Emil Quliyev
Suraxanı Rayonu, Zığ Bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Daha əvvəl Şuşada keçirilməsi nəzərdə tutulan Zirvə görüşü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qardaş ölkəyə dəstək məqsədilə bu tədbirin Ankarada keçirilməsi reallaşıb. “Təbii fəlakət-fövqəladə halların aradan qaldırılması və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlər ən yüksək səviyyədə müzakirə edilib. Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türk dövlətlərinin bir – birinin milli maraqlarını nəzərə alaraq , bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli olduğunu vurğulayıb . Həmçinin dövlət başçısı qeyd edib ki, türk dövlətləri siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı fəallaşdırmalıdır.
Qardaş Türkiyədə baş vermiş son zəlzələlər zamanı məhz Azərbaycan Türkiyəyə ən çox dəstək göstərən ölkələrdən biri olub. Bu Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz təzahürüdür. Dövlət başçısı qardaş Türkiyədə zəlzələ zamanı həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından bir daha dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Cənab Prezident İlham Əliyev Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduğunu, bundan sonra da belə olacağını, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracağını vurğulamışdır. Həmçinin Prezident qardaş Türkiyənin İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana siyasi və mənəvi dəstək göstərdiyini, eyni zamanda, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında olmasını , müharibə zamanı və tarixi Zəfərimizdən sonra Türkiyədən minlərlə dəstək və təbrik mesajları gəldiyini əlavə etmişdir.
2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır. Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir.
30 illik işğal dövründə Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılan yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar haqqında söhbət açılmışdır: Xarici ekspertlər tərəfindən “Qafqazın Hirosiması” adlandırılan Ağdam şəhəri yerlə - yeksan edilmiş, Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılmış, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilmiş, təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulmuşdur.
Qeyd edilmişdir ki, Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüş, onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilmişdir. Ermənistan hökuməti öz mənfur əməlindən əl çəkməyərək səhv mina xəritəsi təqdim etmişdir. Bunun nəticəsi olaraq, ikinci Qarabağ müharibəsindən sonra, yəni 2020-ci ilin noyabr ayından bəri 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır. Ermənistan müharibədən sonrakı zəifləmiş, əzilmiş və məğlub durumu ilə barışmaq istəmir. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır.
Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri üç milyard ABŞ dollarından çoxdur. Cənab Prezident İlham Əliyev işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını bildirmişdir.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməli olduğunu bildirmişdir.