Qarabağ yenidən nəfəs alır, canlanır Novruz bayramı kimi..

Ülviyyə Cəfərli
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Tibb Mərkəzinin Xəstə Xidmətləri şöbəsinin müdiri
Novruz bayramı Azərbaycan xalqının tarixi və mədəni dəyərləri arasında xüsusi yer tutur. Bu bayramın ruhunda təkcə təbiətin yenidən oyanması və mədəni miras deyil, eyni zamanda xalqın ürəyindəki döyüşkənlik ruhunu alovlandıran güclü bir motivasiya dayanır. Azərbaycan xalqının milli mübarizəsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən proseslər Novruz bayramının mənəvi gücü ilə birləşərək, bu bayramı xalqımız üçün daha dərin bir döyüş simvoluna çevirmişdir. Hər il baharın gəlişi ilə qeyd olunan bu bayram xalqımızın əsrlər boyu üzləşdiyi zülm və haqsızlıqlara qarşı göstərdiyi dirənişin və mübarizənin rəmzi kimi qəbul edilir.
Dahi siyasətçi Heydər Əliyev Novruz bayramını xalqımızın milli mənəvi dəyərlərinin, adət-ənənələrinin mühüm bir hissəsi kimi qiymətləndirdi. O, Novruzun tarixini, mahiyyətini və onun xalqın birliyini möhkəmləndirən bayram olduğunu dəfələrlə vurğulamışdır və onun milli ruhun simvolu olduğunu bildirirdi. Hakimiyyətdə olduğu illərdə respublikanın inkişafı üçün böyük işlərə imza atan Heydər Əliyevin qəlbində Qarabağın ayrı bir yeri vardı.
Ulu öndər Novruz bayramının Azərbaycan xalqı üçün əhəmiyyətini bildirən, habelə milli və mənəvi dəyər kimi təsvir edən çıxışlarının birində deyibdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında , o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”
Və həmən gün gəlib çatdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq doğma torpaqlarımızda Novruz bayramını qeyd edirik. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada 2021-ci ilin martında ilk dəfə Novruz bayramı qeyd edildi. Azərbaycan xalqının milli hədəflərinə doğru qət etdiyi çətin, məsuliyyətli yolu Zəfər zirvəsinə çatdı. Bayrağımız Qarabağ və Şərqi Zəngəzurun ən uca zirvələrində, Şuşada , Xocalıda , Xankəndində dalğanır.
Prezident cənab İlham Əliyev 20 mart 2021-ci il tarixində Şuşada Novruz bayramı tərkibindəki çıxışında deyibdi: “Biz Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırmalı idik və çatdıra bildik”.
Bugün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bu proseslər iqtisadi, sosial və mədəni dirçəlişinə yönəlib. Müasir infrastrukturun qurulduğu “ ağıllı kənd və şəhərlərimiz salınır,yeni avtomobil və dəmir yolları çəkilir, mövcud yollar bərpa olunur. Dünyamiqyaslı dəhlizlər salınır ,beynəlxalq hava limanları tikilərək istifadəyə verilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Bu quruculuq işləri Qarabağ və Şərqi Zəngəzurda tezliklə Azərbaycanın çiçəklənən diyarlarına çevriləcəyindən xəbər verir və dövlətin dahi xilaskarı Ulu Öndər Heydər Əliyəvin vaxtilə ürəkdən dilədiyi Qarabağ və Şərqi Zəngəzur arzularının həyata keçməsinin müqəddəs məqamıdır.
2020-ci ildə Vətən müharibəsində qazanılan zəfər Azərbaycanın müasir tarixində ən böyük qələbə kimi yadda qaldı və xalqımızın iradəsini, gücünü və birlik ruhunu dünyaya göstərdi. 2023-cü il ölkəmizin ərazi bütövlüyünün tam bərpası və suverenliyimizin təmin olunması, Xankəndində Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan Bayrağı ucaldılaraq xalqımızın uzun illər arzuladığı məqsədə çatdığını nümayiş etdirdi Və bu tarixi sözləri dedi: “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlıılarının arzusunu çin etdik. Bugün burada Xankəndində, Qarabağın tacında dayanaraq ata vəsiyyətini yerinə yetirdiyimi bəyan edirəm”.
İndi Qarabağda, Şərqi Zəngəzur da Ulu Öndərin arzularındakı kimidir – azad, abad, yenidən dirçələn və həyat dolu. İllərlə həsrətində olduğumuz o torpaqlarda indi çaylar və bulaqlar gur axır, meşələr pöhrələyir, kəndlər və şəhərlər yenidən qurulur, evlərdə işıq yanır. Hər daşında, hər ağacında, hər nəfəsində azadlığın, doğmalığın və həyatın qayıdışını hiss etmək olur. Bu torpaqlar uzun illər susqunluğa bürünsə də, indi yenidən nəfəs alır, canlanır. Novruz bayramı kimi! Qarabağ da hər il yeni bir bahara qədəm qoyur. Bu bahar azadlığın, quruculuğun və firavanlığın baharıdır. Torpaqlarımızdan doğma hənir qoxusu gəlir!