Qanımızla, canımızla, müqəddəs amalımızla azad etdik Qarabağı

Qanımızla, canımızla, müqəddəs amalımızla azad etdik Qarabağı
Fərəh Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 141 nömrəli tam orta məktəbin direktoru
Doğma Vətənim möhtəşəm Zəfərinin ikinci ildönümünü qeyd edir. Ürəyimiz qürur, fərəh hissi ilə çırpınır. Bu qələbəni bizə yaşadanlara bir ömür boyu təşəkkür edirik.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışında Zəfərə gedən yolu yenidən xatirələrdə canlandırmış, bütün maneələrin dəfində milli –vətənpərvərlik hissinin dayandığını söyləmişdi: - “Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Hərbçilərimiz ölümə gedirdilər, “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər”
Müasir dövrdə yüksək texnologiyalı silahların mövcud olduğu bir zamanda yalın əllə alınmış Şuşa son hədəf idi. Şuşanın itirilməsi məğlubiyyətimiz olduğu kimi azad edilməsi də Qələbəmizi təmin etdi. Cənab prezident Birinci Qarabağ müharibəsindəki məhrumiyyətlərin təkcə zəif iqisadiyyatla bağlamıyıb o zamankı hakimiyyətin yarıtmazlığını da xatırlatmışdı: - “Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular. Hakimiyyəti möhkəmləndirmək üçün bütün səylərini səfərbər etmişdilər.”
Bu gün hər bir azərbaycanlı qalib iftixalr hissi ilə yaşayır, başı dik, alnı açıq gəzir. Bu Qələbənin qazanılması heç də asan olmamışdı. Dayanıqlı iqtisadiyyatın qurulması, güclü ordunun yaradılması, daxili siyasətlə yanaşı düşünülmüş xarici siyasət xətinin götürülməsi yüksək savad və bacarığın məhsuludur. Bunların öhdəsindən uğurla gələn ölkə başçısı müharibə gedişində heyrətamiz xalq birliyini də nümunə göstərərək “dövlət-ordu-xalq” üçlüyünün tarixə düşdüyünü vurğuladı.
Qələbədən iki il keçməsinə baxmayaraq bədnam qonşumuzun verdiyi sözə əməl etməməsi sülh müqaviləsinin imzalanmasını uzadır. Amma qəti şübhəm yoxdur ki, 44 gün ərzində ən çətin işin öhdəsindən gələn şanlı strateq İlham Əliyev tezliklə bu sülhə də nail olacaq və regionu əmin-amanlıq məkanına çevirəcək.
Bu Zəfərdə bir pedaqoq, məktəb rəhbəri kimi hər zaman gənc nəsildə milli- vətənpərvərlik ruhunu aşıladığım, əməlimlə onları vətənə sədaqət hissi ilə yetişdirdiyim üçün özümü xoşbəxt sanıram. Bundan sonra da var gücümlə Azərbaycanın xoşbəxt gələcəyinə xidmət edəcəyimə söz verirəm!
Yaşasın Qarabağ! Yaşasın Ali Baş Komandan! Yaşasın müzəffər Azərbaycan Ordusu!