25 may 2026-cı il tarixində Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin inzibati binasında Qaraçuxur Bələdiyyəsi və Qərbi Azərbaycan İcmasının Suraxanı Rayon Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, Azərbaycanın Dövlət Müstəqilliyinin 108-ci ildönümünə həsr olunmuş “Qərbi Azərbaycanın tarixi torpaqları Azərbaycan Xalq Cümhuriyyətinin suveren əraziləridir” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, Qaraçuxur Bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri, Qərbi Azərbaycan İcmasının Suraxanı rayonu üzrə nümayəndəsi İxdiyar Nəcəfov, Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi (QİƏD) üzrə RİH başçısının nümayəndəsi Yusif İbrahimov, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid atası Əli Qasımov, şəhid anası Arzu Qəhrəmanova, Vətən müharibəsi qazisi Rafiq Rəhimli, Qərbi Azərbaycan İcmasının Sabunçu rayonu üzrə nümayəndəsi Əlamdar Nəbiyev və Qaraçuxur qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı giriş sözü ilə açan Qaraçuxur Bələdiyyəsinin sədri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri, Qərbi Azərbaycan İcmasının Suraxanı rayonu üzrə nümayəndəsi İxdiyar Nəcəfov geniş nitqlə çıxış edib. İxdiyar Nəcəfov bildirib ki, 1918-ci il 28 may tarixində elan edilən Azərbaycan Xalq Cümhuriyyəti nəinki xalqımızın siyasi iradəsinin, həm də milli kimliyimizin simvolu oldu. AXC-nin yaranması ilə biz, bütün Şərqdə ilk dəfə olaraq respublika idarəetmə modelinə keçid etdik və demokratik dəyərləri dövlət əsaslarında bərqərar etdik. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev çıxışında bütün tarixi proseslərə geniş nəzər salaraq bildirib ki, bu gün Ermənistan ərazisinin böyük bir hissəsi tarixi Azərbaycan torpaqlarıdır. Qərbi Azərbaycanın tarixi torpaqları Azərbaycan Xalq Cümhuriyyətinin suveren əraziləridir. Daha sonra Ənvər Haqverdiyev xüsusi qeyd edib ki, müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin layiqli davamçısı kimi, tarixi ərazilərdə vətəndaşlarımızın hüquqlarının təmin olunması istiqamətində bütün lazımi addımları atır.
Çıxış edən natiqlər o dövrdə bölgədəki mürəkkəb vəziyyətə, İrəvanın itirilməsinə, Qafqaz İslam Ordusunun Azərbaycanı azad etməsi faktlarına və bir çox digər məqamlara toxunaraq bildiriblər ki, müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin yarım qalan arzularını yerinə yetirib.