Prezidentlər arasında yüksək səviyyəli şəxsi dostluq münasibətlərin inkişafında mühüm amildir
Sevinc Hacızadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 79 nömrəli tam orta məktəbin direktoru
“Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında formalaşan əməkdaşlıq modeli bu gün həm regional, həm də qlobal miqyasda strateji əhəmiyyət daşıyır”. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibə bu əlaqələrin mahiyyətini, dinamizmini və gələcək perspektivlərini tam şəkildə ortaya qoyur.
Müsahibədə səslənən tezislər Azərbaycan–Özbəkistan münasibətlərinin, eləcə də Azərbaycan ilə bütün Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlığın hərtərəfli və davamlı şəkildə gücləndiyini göstərir. “Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri təkcə coğrafi yaxınlıqla deyil, həm də ortaq tarixi-mədəni irs, dini-mənəvi bağlar və etnik yaxınlıqla bir-birinə möhkəm bağlanıb. Xəzər dənizi bu bağları ayıran deyil, birləşdirən amildir”.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə artıq üçüncü dəfə iştirakı da bu dostluq və strateji yaxınlıq xəttinin məntiqli davamıdır. Onun sözlərinə görə, Azərbaycan regionun bütün ölkələri ilə ən yüksək səviyyədə əlaqələr qurub və bu münasibətlər siyasi-diplomatik müstəvidən kənara çıxaraq iqtisadiyyat, energetika, nəqliyyat, mədəniyyət və humanitar sahələri əhatə edir.
Prezident İlham Əliyev ilə Prezident Şavkat Mirziyoyev arasında mövcud olan yüksək səviyyəli şəxsi dostluq münasibətlərin inkişafında mühüm amildir. O xatırladıb ki, Prezident Mirziyoyev azad edilmiş Qarabağın bərpasına dəstək göstərən ilk lider olub və Füzulidə Mirzə Uluqbək adına məktəbin inşası iki ölkə arasında qardaşlığın real təzahürüdür.
Son üç ildə Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin Azərbaycana 30-dan çox səfər etməsi, Prezident İlham Əliyevin isə sözügedən ölkələrə 13 səfər reallaşdırması siyasi dialoqun intensivliyini nümayiş etdirir. O bildirib ki, bu çərçivədə imzalanan sənədlər və təsis edilən qurumlar, xüsusilə 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura münasibətlərin institusional əsaslarını formalaşdırır.
2023-cü ildə yaradılan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti iki ölkənin həm öz ərazilərində, həm də üçüncü ölkələrdə birgə layihələr həyata keçirməsinə imkan yaradır. Xankəndidə fəaliyyət göstərən Azərbaycan–Özbəkistan tikiş fabriki isə iqtisadi əməkdaşlığın humanitar məzmun daşıyan simvolik nümunəsidir.
Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Mərkəzi Asiya ilə Azərbaycanın əməkdaşlığında əsas strateji xəttdir. “Azərbaycanın modern nəqliyyat infrastrukturu ölkəmizi regionun aparıcı tranzit qovşaqlarından birinə çevirib. Zəngəzur dəhlizinin açılması Mərkəzi Asiya ölkələrinin Avropaya çıxış imkanlarını daha da genişləndirəcək”.
Enerji sahəsində əməkdaşlığa toxunan deputat qeyd edib ki, SOCAR-ın Özbəkistana neft və neft-kimya məhsulları ixracı, “Neftegaztexnologiya” birgə müəssisəsinin fəaliyyəti, habelə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında 2024-cü ildə imzalanmış enerji sistemlərinin inteqrasiyasına dair sənədlər regionda yaşıl enerjiyə keçid üçün böyük imkanlar yaradır.
Daşkənddə Heydər Əliyev meydanının, Bakıda isə Özbəkistan parkının salınması iki xalq arasında dostluğun rəmzidir.
“Prezident İlham Əliyevin UzA-ya müsahibəsi açıq şəkildə göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq gələcək onilliklər boyu regionun siyasi sabitliyi, iqtisadi inkişafı və genişmiqyaslı inteqrasiyası üçün əsas platforma olaraq qalacaq”.