Prezidentin nitqi Azərbaycanın dünya siyasətində yalnız iştirakçı deyil, həm də qlobal proseslərin istiqamətini müəyyənləşdirən dövlətə çevrildiyini nümayiş etdirir

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı həm tarixi retrospektiv, həm də gələcəyə baxış baxımından mühüm əhəmiyyət kəsb edir. Çıxış təkcə Azərbaycanın regional siyasətini deyil, həm də beynəlxalq hüquq, qlobal enerji təhlükəsizliyi, iqlim dəyişmələri və beynəlxalq əməkdaşlıq məsələlərində ortaya qoyduğu prinsipial mövqeyi əks etdirir.
Prezidentin nitqinin mərkəzində Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal dövrü, ölkəmizin ədalətsizliyə məruz qalması və nəhayət, 2020-ci ildə Vətən müharibəsi ilə beynəlxalq hüququn bərpa olunması dayanırdı. Prezident İlham Əliyev diqqəti bir daha BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrinə yönəltməklə göstərdi ki, Azərbaycanın qələbəsi həm də selektiv yanaşmalara, ikili standartlara rəğmən, beynəlxalq hüququn üstünlüyünün təsdiqi oldu. Ən mühüm məqam isə müharibədən dərhal sonra sülh gündəliyinin elan olunmasıdır. Bu, Azərbaycanın qalib tərəf kimi revanşizm deyil, dayanıqlı barışıq və qarşılıqlı tanınma əsasında yeni regional düzən qurmaq istədiyini nümayiş etdirir.
Prezident Əliyevin çıxışında “Böyük Qayıdış” proqramının Azərbaycanın uğurlu postmünaqişə siyasətinin nümunəsi kimi təqdim edilməsi də, şübhəsiz ki, mühüm strateji önəm daşıyır. Azad edilmiş ərazilərdə yenidənqurma, şəhərlərin, kəndlərin, tarixi, mədəni, dini abidələrin bərpası Azərbaycanın təkcə iqtisadi deyil, həm də mənəvi qələbəsini təsdiqləyir.
Prezidentin nitqi Azərbaycanın dünya siyasətində yalnız iştirakçı deyil, həm də qlobal proseslərin istiqamətini müəyyənləşdirən dövlətə çevrildiyini nümayiş etdirir.