17 Oktyabr – Füzuli Şəhəri Günü: Zəfərdən Böyük Qayıdışa
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar milli qürurun, qəhrəmanlığın və yenilməz iradənin rəmzinə çevrilir. 17 Oktyabr – Füzuli Şəhəri Günü də bu əlamətdar tarixlərdəndir. Bu gün xalqımızın Vətən sevgisini, Azərbaycan Ordusunun gücünü və dövlətimizin işğaldan azad edilmiş torpaqlarımızı dirçəltmək əzmini təcəssüm etdirir. Füzuli rayonu Qarabağ bölgəsində, Azərbaycanın cənub-qərbində yerləşir. Ərazisi münbit torpaqları, əlverişli təbii şəraiti, su ehtiyatları və zəngin tarixi ilə seçilir.
Rayonun ərazisində müxtəlif dövrlərə aid tarixi və dini abidələr mövcuddur. Bu torpaqlar əsrlər boyu Azərbaycan xalqının mədəni irsinin, milli-mənəvi dəyərlərinin qorunub yaşadıldığı məkanlardan biri olmuşdur. 1993-cü ildə Füzuli rayonunun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Uzun illər ərzində şəhər və kəndlər dağıntılara məruz qaldı, yaşayış məntəqələri viran qoyuldu, minlərlə insan doğma yurdlarından didərgin düşdü. Lakin füzulililərin Vətənə qayıtmaq ümidi heç vaxt sönmədi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir səhifə açdı. Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpası uğrunda əks-hücum əməliyyatlarına başladı. Gərgin döyüşlər nəticəsində 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri işğaldan azad edildi. Füzulinin azad edilməsi hərbi-strateji baxımdan mühüm əhəmiyyət daşımaqla yanaşı, xalqımızın qələbə əzmini daha da gücləndirdi. Bu Zəfər şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və əsgərlərimizin misilsiz qəhrəmanlığı hesabına qazanıldı. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.
Füzulinin azad olunmasının şərəfinə “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. 17 Oktyabrın Füzuli Şəhəri Günü kimi qeyd olunması isə bu tarixi qələbənin əhəmiyyətini bir daha vurğulayır. Füzulinin azad edilməsindən sonra rayonda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını ucaltdı və Zəfər yolunun təməlini qoydu. Sonrakı illərdə avtomobil yollarının, elektrik yarımstansiyalarının, yaşayış komplekslərinin, xəstəxanaların və digər infrastruktur obyektlərinin tikintisi istiqamətində mühüm addımlar atıldı.
2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışı regionun nəqliyyat imkanlarının genişləndirilməsi baxımından əlamətdar hadisə oldu. Bu hava limanı Qarabağın beynəlxalq nəqliyyat əlaqələrinin inkişafına və bölgənin iqtisadi potensialının artırılmasına xidmət edir. Füzulidə həyata keçirilən quruculuq işləri yalnız şəhərin fiziki simasının dəyişdirilməsi ilə məhdudlaşmır. Məqsəd müasir yaşayış şəraiti yaratmaq, sosial infrastrukturu bərpa etmək, əhalinin məşğulluğunu təmin etmək və doğma yurdlarınaqayıdan sakinlərin rahat həyatını təşkil etməkdir.
Füzulinin dirçəldilməsi dost və qardaş ölkələrin də dəstəyi ilə müşayiət olunur. Qardaş Özbəkistan Respublikasının dəstəyi ilə şəhərdə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb inşa edildi və 2023-cü il avqustun 23-də istifadəyə verildi. Bu məktəb Azərbaycan-Özbəkistan qardaşlığının, xalqlarımız arasında dostluğun və təhsil sahəsində əməkdaşlığın rəmzidir.
Böyük Qayıdış proqramı çərçivəsində Füzuliyə sakinlərin köçürülməsi, yaşayış məntəqələrinin bərpası və sosial infrastrukturun yaradılması davam etdirilir. Yeni yaşayış kompleksləri, təhsil və mədəniyyət müəssisələri, yollar və digər obyektlər doğma yurda qayıdan insanlar üçün yeni həyat imkanları yaradır. Prezident İlham Əliyevin Füzuliyə mütəmadi səfərləri, müxtəlif layihələrin təməlqoyma və açılış mərasimlərində iştirakı dövlətin azad edilmiş ərazilərin inkişafına verdiyi önəmi nümayiş etdirir.
2024-cü ildə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı və digər mühüm tədbirlər bu inkişafın ardıcıl xarakter daşıdığını göstərir. Sonrakı illərdə də yolların, kəndlərin və yaşayış məntəqələrinin bərpası istiqamətində işlər davam etdirilmişdir.
17 Oktyabr – Füzuli Şəhəri Günü yalnız bir şəhərin azad edilməsinin ildönümü deyil. Bu tarix milli birliyimizin, dövlət müstəqilliyimizin, qəhrəman Ordumuzun gücünün və xalqımızın sarsılmaz iradəsinin təntənəsidir. Füzuli bu gün dağıntılardan dirçəlişə, işğaldan azadlığa, həsrətdən qayıdışa doğru irəliləyir.
Doğma torpaqlarımızda yenidən qurulan hər bir məktəb, salınan hər bir yaşayış kompleksi və açılan hər bir yol Zəfərimizin davamıdır. Füzulinin gələcəyi quruculuq, inkişaf və firavanlıqla bağlıdır. Bu əlamətdar gün xalqımızın yaddaşında qəhrəmanlıq salnaməsi və gələcək nəsillər üçün Vətən sevgisinin parlaq nümunəsi kimi yaşayacaq.