Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığı, şücaəti və fədakarlığı tariximizə şanlı səhifə kimi yazıldı

Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığı, şücaəti və fədakarlığı tariximizə şanlı səhifə kimi yazıldı

Şəms Haşımova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 208 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının tarixində mühüm və unudulmaz günlərdən biridir. Bu əlamətdar gün 2020-ci ildə baş vermiş Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi məqsədilə qeyd olunur.

Azərbaycan xalqı uzun illər ərzində torpaqlarının işğal altında qalması ilə bağlı ağır tarixi sınaqlardan keçmişdir. Birinci Qarabağ müharibəsində və sonrakı dövrdə minlərlə soydaşımız şəhid olmuş, yaralanmış, doğma yurdlarından didərgin düşmüşdür. Azərbaycan dövləti daim beynəlxalq hüquqa əsaslanaraq münaqişənin sülh yolu ilə həllinə çalışmışdır. Lakin hərbi təxribatların davam etdirilməsi 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başlanmasına səbəb olmuşdur.

44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun qəhrəmanlığı, şücaəti və fədakarlığı ilə tariximizə şanlı səhifə kimi yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan ərazilərimizin böyük hissəsini azad etdi. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatla müharibə başa çatdı və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticələr əldə olundu.

Prezident İlham Əliyev Anım Günü ilə bağlı çıxışlarının birində qeyd etmişdir: “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.” Vətən müharibəsində qazanılan Qələbənin əldə edilməsində şəhidlərimizin və qazilərimizin müstəsna xidmətləri vardır. Onların göstərdiyi qəhrəmanlıq və fədakarlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı onların xidmətlərinə verilən yüksək dəyərin ifadəsidir.

27 Sentyabr – Anım Günü yalnız şəhidlərimizin xatirəsini yad etmək deyil, həm də onların bizə əmanət etdiyi Vətənə layiq olmağın, milli birlik və həmrəyliyi qorumağın vacibliyini bir daha xatırlamaq günüdür. Bu gün Azərbaycan xalqı Birinci və İkinci Qarabağ müharibələrində həyatını Vətən uğrunda fəda etmiş bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir. Onların qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Şəhidlərimizin əziz xatirəsini daim uca tutacaq, onların göstərdiyi qəhrəmanlığı gələcək nəsillərə çatdıracağıq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

                                 

Paylaş