Prezidentin hər müraciət növbəti qələbələrin müqəddiməsinə çevrilir
Elçin Seyfullayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı RİHB Bülbülə qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi
Sentyabrın 27-də Vətən müharibəsinin başlamasından iki il keçdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, artıq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Bununla əlaqədar olaraq bu il Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olundu, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxundu.
Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi. Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazıldı. Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan...!!!
Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi. Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir.
Hamımız qürurla dərk edirik ki, Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Müharibə dövründə bütün Azərbaycan xalqı birlik, iradə göstərməklə arzusunaçamalına doğru qətiyyətlə irəlilədi. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən dərhal sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dədə-baba torpaqlarımızda abadlıq-quruculuq işlərinə başlanıldı. İşğaldan azad edilmiş torpaqlarımızda sürətli inkişaf dinamikası təmin edildi. Ölkə başçısının mütəmadi olaraq Qarabağa səfərləri, orada gedən bərpa, tikinti-quruculuq işləri ilə tanışlığı zamanı verdiyi tapşırıq və tövsiyələri ilə aparılan genişmiqyaslı abadlıq işləri artıq dədə-baba torpaqlarımızın yeni bir tarixi mərhələyə qədəm qoyduğu və sakinlərini qarşılamağa hazır vəziyyətə gətirildiyindən xəbər verir.
Cənab Prezident sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Gününə həsr olunmuş xatirə lövhəsinin qarşısında çıxışı zamanı bildirmişdir: “Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq”.
Qısa müddətdə bu ərazilərdə infrastrukturun bərpası istiqamətində görülən işlər nəticəsində yüz minlərlə məcburi köçkün 30 ildən sonra öz doğma torpaqlarına qayıdacaq və işğaldan azad olunmuş torpaqların sahibləri olmaqla, bu torpaqlara yenidən həyat verəcəkdir.
Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bizim qələbə Azərbaycanın şanlı tarixidir. Biz yazdığımız bu tarixi daim yaşadacağıq. Prezident çıxışında bir daha vurğuladı ki, “Azərbaycan xalqı qoymayacaqdır ki, bir daha düşmən başını qaldırsın, qoymayacaq ki, bir daha bizim üçün təhdid yaratsın. Bütün təhdidlərin qarşısı alınacaqdır. Çünki ölkəmizin artan gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.”
Azərbaycan xalqı və dövləti Vətən uğrunda şəhid olan qəhrəman övladlarının işıqlı xatirəsini əziz tutur, onları daim xüsusi ehtiramla yad edir, qazilərin əməyini yüksək qiymətləndirir və onlarla qürur duyur.
Allah şəhidlərimizə rəhmət eləsin!