Prezidentin AQEM-də Çıxışı Beynəlxalq Münasibətlərdə Hüququn Aliliyi prinsipi
Aysun Əliyeva
YAP Suraxanı rayon təşkilatının fəal gənc üzvü
Azərbaycan Dillər Üniversitetinin II kurs tələbəsi
Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki çıxışı məhz bu problemlərin siyasi və hüquqi mahiyyətinə diqqət yönəltməsi baxımından əhəmiyyət daşıyır. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin suverenliyinin qorunması, ərazi bütövlüyünə hörmət və münaqişələrin beynəlxalq hüquq normaları əsasında həlli qlobal təhlükəsizliyin əsas şərtləri hesab olunur. Lakin beynəlxalq hüququn tətbiqində selektiv yanaşmaların mövcudluğu, qəbul edilmiş qərarların icrasının təmin edilməməsi və münaqişələrə münasibətdə fərqli meyarların tətbiqi bu prinsiplərin effektivliyini zəiflədən amillərdəndir.
Dövlət başçısı Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən etibarən beynəlxalq münasibətlərdə ikili standartlarla üzləşdiyini vurğulayaraq ölkənin ərazi bütövlüyünün uzun illər pozulduğunu xatırladıb. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salınması və münaqişənin onilliklər ərzində həllini tapmaması regional təhlükəsizliyə ciddi zərbə vurmuşdu. Bu tarixi təcrübə göstərir ki, beynəlxalq hüququn prinsiplərinin bəyan edilməsi ilə onların praktikada təmin olunması arasında ciddi fərqlər yarandıqda münaqişələrin uzanması üçün əlverişli şərait formalaşır.
Prezident İlham Əliyevin çıxışında BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamənin uzun müddət icra olunmaması xüsusi vurğulanıb. Eyni zamanda, ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsiz qalması münaqişənin həlli istiqamətində beynəlxalq vasitəçilik mexanizmlərinin effektivliyi məsələsini gündəmə gətirir. Bu məqamın əsas siyasi mahiyyəti ondan ibarətdir ki, beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar real icra mexanizmləri ilə dəstəklənmədikdə onların münaqişələrin qarşısının alınmasına təsiri məhdudlaşır.
Dövlət başçısı Ermənistanın əvvəlki və sonrakı rəhbərliyinin siyasətinə, işğal dövründə səsləndirilmiş bəyanatlara və hərbi təhdidlərə toxunaraq Azərbaycanın təhlükəsizlik maraqlarının uzun müddət nəzərə alınmadığını bildirib. Onun fikrincə, beynəlxalq ictimaiyyətin işğala, etnik təmizləməyə və mülki əhaliyə qarşı törədilmiş cinayətlərə vaxtında və prinsipial münasibət göstərməməsi münaqişənin dərinləşməsinə şərait yaradıb. Bu yanaşma beynəlxalq münasibətlərdə siyasi qiymətləndirmələrin universal hüquqi meyarlarla uzlaşdırılmasının vacibliyini bir daha ön plana çıxarır.