Prezident XIII Qlobal Bakı Forumunda çıxışında Azərbaycan–Ermənistan münasibətlərinə geniş yer ayırıb
Təranə Rüstəmzadə
YAP Suraxanı rayon təşkilatının üzvü
Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi
12 mart 2026-cı ildə keçirilən XIII Qlobal Bakı Forumu müasir beynəlxalq münasibətlər sistemində mövcud olan ziddiyyətlərin və çağırışların müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyıb. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunmuş forumda Prezident İlham Əliyev çıxış edərək qlobal və regional gündəmdə duran əsas məsələlərə Azərbaycan mövqeyindən aydınlıq gətirib.
Çıxışın əsas xəttini təhlükəsizlik məsələləri təşkil edib. Prezident qeyd edib ki, hazırkı mərhələdə təhlükəsizlik, sabitlik və müdafiə məsələləri bütün dövlətlər üçün bir nömrəli prioritetə çevrilib. Beynəlxalq mühitdə qeyri-müəyyənliyin artması fonunda bu amillər olmadan davamlı inkişafın mümkün olmadığı vurğulanıb. Azərbaycan üçün isə regional təhlükəsizlik məsələlərinin hər zaman xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda çıxışında Azərbaycan–Ermənistan münasibətlərinə də geniş yer ayırıb. Bildirilib ki, sülh prosesi real nəticələrlə müşayiət olunur və bu, yalnız kağız üzərində aparılan danışıqlarla məhdudlaşmır. Sülh sazişinin bir neçə ay əvvəl paraflanması və birgə bəyanatın qəbul edilməsi regionda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilib. Prezident vurğulayıb ki, sülhə nail olunması ikitərəfli formatda, üçüncü tərəflərsiz aparılan danışıqlar nəticəsində mümkün olub və bu yanaşma daha effektiv nəticə verib.
Çıxışda diqqət çəkən mühüm məqamlardan biri də münaqişənin həlli ilə bağlı yanaşma olub. Qeyd edilib ki, işğal altında olan ərazilər güc yolu ilə azad edilib, sülh isə siyasi və diplomatik vasitələrlə əldə olunub. Bu yanaşma Azərbaycanın həm öz suveren hüquqlarını qorumaq, həm də regionda uzunmüddətli sabitliyi təmin etmək iradəsini nümayiş etdirir.
Prezident regional əməkdaşlıq və nəqliyyat məsələlərinə də toxunub. Azərbaycan bu gün Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm iştirakçısı kimi çıxış edir. Ermənistanla sülh əldə olunduqdan sonra Orta Dəhlizin yeni istiqamətləri üzərində iş aparıldığı və regionda iqtisadi əlaqələrin genişlənməsi üçün imkanların yarandığı vurğulanıb. Eyni zamanda, Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması sülhün praktik nəticələrindən biri kimi təqdim olunub.
Çıxışın sonunda enerji təhlükəsizliyi məsələsinə xüsusi diqqət ayrılıb. Prezident bildirib ki, enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib və bu sahədə əməkdaşlıq beynəlxalq sabitliyin mühüm sütunlarından biridir.
Ümumilikdə Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın regional və qlobal proseslərə məsuliyyətli, praqmatik və gələcəyə yönəlmiş konseptual yanaşmasını əks etdirir